Ukrayna Prezidenti Volodimir Zelenski özünün Telegram kanalında Rusiyanın ölkə ərazisinə təşkil etdiyi növbəti kütləvi PUA və raket hücumları fonunda Kiyevə səfər edən Almaniyanın Federal Kansleri Fridrix Merts ilə kritik danışıqlar apardığını elan edib.
Musavat.com xəbər verir ki, Ukrayna lideri Berlin ilə müdafiə sahəsində strateji qərarların və vacib razılaşmaların hazırlandığını bildirib.
Zelenski qeyd edib ki, Rusiya ordusu gecə saatlarında Ukrayna ərazisinə 135 zərbə PUA-sı atıb, bunlardan 50-dən çoxu reaktiv pilotsuz aparatlar olub. Hücumlar nəticəsində Kiyevdəki Şimal körpüsü, Sumıda tibb preparatları anbarı, Dneprdə rabitə müəssisəsi və müxtəlif vilayətlərdə mülki infrastrukturlar hədəf alınıb. Şəhərlərdə tələfat və yaralananların olduğu, bəzi yaşayış məntəqələrində elektrik enerjisinin kəsildiyi bildirilir. Ukrayna dövlət başçısı təkcə bu həftə ərzində qarşı tərəfin 1900-dən çox PUA, 1700 aviasiya bombası və 25 raket tətbiq etdiyini vurğulayıb.
Kiyevdə Fridrix Merts ilə keçirilən görüşü yüksək qiymətləndirən Zelenski, Almaniyanın Ukrayna xalqının müdafiəsində ardıcıl liderlik nümayiş etdirdiyini qeyd edib. Ukrayna lideri vurğulayıb ki, görüş çərçivəsində Ukraynanın və bütün Avropanın təhlükəsizlik imkanlarını artıracaq mühüm ikitərəfli sazişlər əldə olunacaq və Rusiya bu eskalasiyaya görə cavabdehlik daşımalıdır.

