Avaza görüşündə əsas diqqət Şimal-Cənub dəhlizinə, Xəzər təhlükəsizliyinə və Azərbaycan üzərindən keçən nəqliyyat marşrutlarına yönələcək
Xəbər verdiyimiz kimi, MDB Dövlət Başçıları Şurasının sammiti oktyabrın 9-da Türkmənistanın “Avaza” Milli Turizm Zonasında keçiriləcək. Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, Vladimir Putinin də iştirak edəcəyi görüşdə siyasi, iqtisadi və humanitar əməkdaşlıqla yanaşı, Xəzər regionu, nəqliyyat marşrutları və təhlükəsizlik məsələlərinin əsas müzakirə mövzularından olacağı gözlənilir.
Rusiyanın Türkmənistandakı səfiri İvan Volınkin bildirib ki, Moskvanın sammitdə əsas maraqlarından biri Xəzər regionu və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizidir. Onun sözlərinə görə, Rusiya Azərbaycan, Türkmənistan və Qazaxıstan üzərindən keçən quru marşrutlarının inkişafında maraqlıdır. Volınkin Rusiya-Azərbaycan-İran dəmir yolu bağlantısının problemlərinə də toxunaraq, bu istiqamətdə infrastruktur məsələlərinin həll edilməsinin vacibliyini vurğulayıb. Eyni zamanda, Qazaxıstan və Türkmənistan üzərindən alternativ marşrutların imkanlarının məhdud olduğunu bildirib.
Moskvanı yalnız nəqliyyat məsələsi deyil, Xəzərin təhlükəsizliyi də ciddi şəkildə düşündürür. Xüsusilə Ukrayna dronlarının Xəzərdəki Rusiya və İran hədəflərinə hücumunlarında ciddi narahatdırlar. Bu isə göstərir ki, Kreml Xəzəri artıq təkcə iqtisadi-logistika məkanı kimi deyil, həm də təhlükəsizlik baxımından strateji zona kimi nəzərdən keçirir.
Sammit çərçivəsində Vladimir Putinlə Prezident İlham Əliyevin ayrıca görüşünün keçirilməsi də mümkündür. Belə bir görüş baş tutarsa, ikitərəfli münasibətlərlə yanaşı, Şimal-Cənub dəhlizi, Xəzərdə təhlükəsizlik və regional nəqliyyat layihələrinin müzakirə olunacağı ehtimal edilir.
Eyni zamanda MDB sammitində Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı nəzərə alınarsa, Putin–Əliyev görüşündən sonra və ya sammit çərçivəsində Putin, Əliyev və Paşinyanın üçtərəfli təmaslarının mümkünlüyünü də istisna etmək olmaz. Belə görüş baş tutacağı təqdirdə, Azərbaycan-Ermənistan münasibətləri, kommunikasiyaların açılması və regiondakı yeni nəqliyyat reallıqları əsas müzakirə mövzularından ola bilər.
Rusiyalı ekspert Aleksandr Krılov da təsdiqləyir ki, təhlükəsizlik məsələlərinin də Avaza sammitinin gündəmində mühüm yer tutacağını bildirir. Onun sözlərinə görə, Türkmənistan İran ətrafında yaranmış hərbi-siyasi vəziyyətə yaxın yerləşdiyindən təhlükəsizlik problemlərinə biganə qala bilməz. Türkmənistan KTMT üzvü olmasa da, Moskva Aşqabadla təhlükəsizlik sahəsində əməkdaşlığın mümkün formalarını müzakirə etmək niyyətindədir.
Göründüyü kimi, Avaza sammiti formal olaraq MDB liderlərinin növbəti (təşkilatın 35 illiyidir) toplantısı olsa da, onun gündəmində Xəzər və Azərbaycan xüsusi yer tutur. Moskva üçün Azərbaycanın əhəmiyyəti yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmır. Bakı Rusiyanın cənub istiqamətində əsas tranzit qovşaqlarından biri, Xəzər regionunda isə mühüm geosiyasi tərəfdaş olaraq qalır.Bu baxımdan Avazada veriləcək mesajlar və xüsusilə Putinlə Azərbaycan rəhbərliyi arasında mümkün təmaslar Moskvanın Cənubi Qafqaz və Xəzərlə bağlı gələcək siyasəti baxımından da diqqətlə izlənəcək.
Musavat.com

