Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verib. Hadisə nəticəsində bir nəfər xəsarət alıb.
Editor.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə hadisə barədə məlumat daxil olduqdan dərhal sonra əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 62 kvadratmetr olan, ikiotaqlı mənzildə yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən edilib.
Partlayış nəticəsində mənzilə ziyan dəyib, bir kvadratmetr sahədə ev əşyaları yanıb və bir nəfər xəsarət alıb.
FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.
Hadisənin səbəbləri ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.


