Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Flydubai” aviaşirkətinə məxsus, Dubaydan Təl-Əvivə uçan təyyarədə gəmi kapitanına hücum edərək terror aktı törətməyə və təyyarəni qəzaya uğratmağa cəhd edən ikinci pilot – 29 yaşlı Oman vətəndaşı Hammam əl-Həmmami barədə yeni təfərrüatlar bəlli olub.
tədqiqatçıların verdiyi məlumata görə, əl-Həmmaminin sosial şəbəkələrdəki silinmiş hesablarında radikal baxışlarını əks etdirən çoxlu sayda paylaşım tapılıb.
“X” platformasında 3 minə yaxın yazısını araşdıran mütəxəssislər onun sosial şəbəkələrdə İsrailin “El Al” və “Arkia” aviaşirkətlərinin təyyarələrinə təhlükəli dərəcədə yaxınlaşdığı anları əks etdirən kadrlar, eləcə də “Əl-Qaidə”nin keçmiş lideri Ayman əz-Zəvahiri və 2009-cu ildə 7 Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ/CIA) əməkdaşını qətlə yetirən terrorçu-kamikadze Humam Xəlil Əbu-Mulal əl-Balavinin fotolarını paylaşdığını müəyyən ediblər. Ayrıca, onun həddindən artıq qadın düşməni və radikal dini baxışlara sahib olduğu, gələcək həyat yoldaşının mütləq niqab taxmasını və işləməməsini tələb etdiyi məlum olub.
BƏƏ-də anadan olan (atası omanlı, anası suriyalıdır) əl-Həmmami Böyük Britaniyada “Buckinghamshire New University”də aviasiya idarəetməsi üzrə təhsil alıb, həmçinin Avstraliyada mühəndislik üzrə oxuyub. O, 7 il “Oman Air” şirkətində çalışıb. Lakin 2024-cü ildə radikal dini baxışlarına görə uçuşlardan uzaqlaşdırılıb və aviaşirkətdə yalnız inzibati vəzifəyə keçirilib. Buna baxmayaraq, onun daha sonra “Royal Air Maroc”da çalışması və 8 ay əvvəl “Flydubai” şirkətinə ikinci pilot kimi necə işə qəbul olunması müstəntiqlər üçün sual doğurur.
Hadisə necə baş verib?
Sentyabrın 30-da baş verən insident zamanı əl-Həmmami qəfil xilasedici balta ilə gəminin kapitanına hücum edərək onu yaralayıb və təyyarənin idarəetməsini ələ keçirərək yerə çırpmağa çalışıb. BƏƏ-nin Baş prokuroru Həməd Seif əş-Şamsi hadisənin rəsmi olaraq terror aktı kimi qiymətləndirildiyini açıqlayıb.
Qəzanın qarşısı sərnişinlərin və ekipajın cəsarəti sayəsində alınıb. Yaralı kapitan müqavimət göstərərkən sərnişinlərdən həkim-stomatoloq Şota Musayev terrorçunu zərərsizləşdirərək əllərini bağlayıb. Musayevin sözlərinə görə, cinayətkar tutulduqdan sonra yalnız “Xahiş edirəm, məni öldürün” deyə bağırıb. Bu vaxt sərnişinlər arasında olan israil santexnik Yaniv Hayun idarəetmə sükanını yuxarı çəkərək təyyarəni tarazlıqda saxlayıb, daha sonra salonda olan üçüncü pilot idarəetməni ələ alaraq təyyarəni Səudiyyə Ərəbistanının Tabuk hava limanına təcili endirə bilib.
Səudiyyə Ərəbistanından BƏƏ-yə təhvil verilən əl-Həmmami istintaqla əməkdaşlıq edir və təyyarəni İsrail ərazisində vurub dağıtmaq istədiyini etiraf edib. İsrailin Baş naziri Benyamin Netanyahu da faktı təsdiqləyərək bildirib ki, bu hərəkətin arxasında duran qüvvələr araşdırılır və onlar ağır bədəl ödəyəcəklər.
Musavat.com

