“Böyük yeddilik” (G7) ölkələri enerji bazarında yaranan təzyiqləri azaltmaq məqsədilə fövqəladə dizel və xam neft ehtiyatlarının bir hissəsinin istifadəyə verilməsi barədə razılığa gəlib.
Editor.az xəbər verir ki, Reuters-in məlumatına görə, plan çərçivəsində ümumilikdə 100 milyon barrelədək dizel və xam neft ehtiyatının bazara çıxarılması nəzərdə tutulur. Qərarın qəbul edilməsində ABŞ-ın təzyiqinin mühüm rol oynadığı bildirilir.
Məqsəd enerji təchizatında yaranan riskləri azaltmaq və yanacaq qiymətlərinin daha da yüksəlməsinin qarşısını almaqdır. Yaxın Şərqdəki gərginlik enerji marşrutlarına təsir göstərdiyindən G7 ölkələri strateji ehtiyatlardan istifadə imkanlarını müzakirə ediblər.
Ekspertlər hesab edirlər ki, ehtiyatların bazara çıxarılması qısamüddətli dövrdə qiymətlərə təzyiqi azalda bilər, lakin uzunmüddətli sabitlik regional təhlükəsizlik vəziyyətindən asılı olacaq.
//Samir Qurbanov, Editor.az

