Gənclər və idman nazirinin sabiq müavini Mariana Vasileva xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib.
Xitab24.az-ın əldə etdiyi məlumata görə, hazırda Atletika Federasiyasının icraçı direktoru olan Vasileva, “Xəzri” idman klubunun direktoru Əli Kərimovdan şikayət edib.
O, Xəzər Rayon Məhkəməsinə ünvanladığı şikayət ərizəsində Ə.Kərimov tərəfindən feysbuk sosial şəbəkəsində təhqirə məruz qaldığını bildirib. Buna görə də, xüsusi ittihamçı qarşı tərəfin Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb olunmasını və barəsində həmin maddələrin sanksiyasında göstərilən yuxarı həddə cəza təyin olunması barədə ittiham hökmü çıxarılmasını xahiş edib.
Məhkəmə iclasında Mariana Vasilevanın vəkili bildirib ki, xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs sosial media hesabında zərərçəkmişə üzrxahlığını ifadə edib və bunun nəticəsində tərəflər arasında barışıq əldə olunub. Buna görə də, Mariana Vasileva xüsusi ittihamdan imtina edib.
Məhkəmə bunu nəzərə alaraq işə xitam verib.

