YAP-da diqqətçəkən dəyişiklik: Ramin Məmmədovun İdarə Heyəti üzvlüyündən çıxarılması nə deməkdir?backend

YAP-da diqqətçəkən dəyişiklik: Ramin Məmmədovun İdarə Heyəti üzvlüyündən çıxarılması nə deməkdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni Azərbaycan Partiyasının VIII Qurultayında partiyanın İdarə Heyətinin yeni tərkibinin müəyyənləşməsi bir sıra kadr dəyişiklikləri ilə yadda qaldı. 40 nəfərlik yeni İdarə Heyətində əvvəlki tərkibdən beş nəfər yer almadı.

Bu şəxslər Vasif Talıbov, Cavid Osmanov, Elşad Mirbəşir, Ramin Məmmədov və Rövşən Bayramovdur. Onların yerinə isə yeni şəxslər daxil edilib.

Editor.az xəbər verir ki, həmin beşlik arasında bir ad xüsusilə diqqət çəkir – Ramin Məmmədov.

Səbəb isə digər adlarla müqayisədə onun hazırkı statusunun fərqli olmasıdır.

Vasif Talıbov artıq uzun müddətdir Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri deyil. Cavid Osmanov və Elşad Mirbəşir hazırda Milli Məclisin deputatı deyillər. Bu isə o deməkdir ki, bu keçmiş siyasiləri “vurulmuş” şəxslər siyahısına aid etmək olar.

Rövşən Bayramov isə siyasi vəzifə daşımayan, Azərbaycanı beynəlxalq arenada təmsil etmiş tanınmış yunan-Roma güləşçisidir.

Ramin Məmmədov isə hazırda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədridir və dövlət idarəetmə sistemində yüksək vəzifəsini davam etdirir. Buna görə də onun YAP İdarə Heyətinin yeni tərkibində yer almaması digər dəyişikliklərdən fərqli olaraq ayrıca diqqət çəkir.

Məsələ məhz ona görə maraqlıdır ki, partiyanın yeni İdarə Heyətində əvvəlki tərkibdən dəyişiklik edilərkən siyasi və institusional statusu əvvəlki dövrlə müqayisədə dəyişmiş şəxslərlə yanaşı, hazırda mühüm dövlət vəzifəsi tutan Ramin Məmmədovun da siyahıdan çıxarılması qərara alınıb.

Bu qərarın konkret səbəbi ilə bağlı YAP tərəfindən ayrıca açıqlama verilməyib. Buna görə də hazırda Ramin Məmmədovun İdarə Heyətindən çıxarılmasını onun dövlət vəzifəsində mümkün dəyişikliklə əlaqələndirmək üçün əsas yoxdur.

Ancaq kadr dəyişikliklərinin xarakteri fonunda ortaya çıxan sual diqqətçəkəndir: Ramin Məmmədovun partiyanın İdarə Heyətində yer almaması yalnız YAP-ın yeni idarəetmə strukturunun formalaşdırılması çərçivəsində atılmış addımdır, yoxsa qarşıdakı dövrdə onun siyasi və ya inzibati statusu ilə bağlı başqa qərarlar da gündəmə gələ bilər?

Hazırda bu suala cavab verən rəsmi açıqlama yoxdur. Lakin fakt dəyişmir: YAP-ın əvvəlki İdarə Heyətindən yeni tərkibə keçməyən beş nəfər arasında hazırda yüksək dövlət vəzifəsi tutan yeganə şəxs Ramin Məmmədovdur. Məhz bu detal yeni İdarə Heyətinin formalaşdırılması ilə bağlı müzakirələrdə onun adını ayrıca önə çıxarır.

\\Editor.az