Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya və Almaniya nümayəndələri arasında Ukrayna münaqişəsinin tənzimlənməsi məsələsinə dair Bakıda keçirilən gizli görüşlə bağlı məlumatları şərh edib.
Peskov Bakıda Rusiya və Almaniya təmsilçilərinin belə bir görüşü keçirməsi barədə hər hansı informasiyaya malik olmadığını bildirib.
Qeyd edək ki, dünən Berlinə səfəri zamanı jurnalistin sualını cavablandıran Azərbaycan Prezidenti İlham Əliyev mövzu ilə bağlı mühüm faktlar açıqlayıb:
“Bakıda keçirilmiş dediyiniz görüşlərlə əlaqədar deyə bilərəm ki, bu məlumatı biz “The Times” qəzetindən öyrəndik. Bizim bundan xəbərimiz yox idi. Təbii ki, belə mötəbər mətbu orqanda çıxan məqaləyə biz diqqətlə yanaşaraq araşdırma aparmışıq və dünən mən Berlinə gəlməzdən öncə Azərbaycan Dövlət Sərhəd Xidmətindən məlumat istəmişəm ki, “The Times” qəzetində adları keçən şəxslər Azərbaycanda bir vaxtda olublar, yoxsa yox. Sizə onu deyə bilərəm ki, bu məlumat təsdiqləndi. İyulun 12-də Berlin-Bakı reysi ilə iki nəfər tanınmış şəxs, – birinin xanım Merkelin administrasiyasının rəhbəri olduğu haqqında məlumat var, – cənab Pofala və cənab Platsik Bakıya gəlmişdilər və iyulun 14-də Bakıdan Berlinə geri qayıtmışdılar. Eyni zamanda, ayın 12-də Rusiyanın keçmiş Baş naziri cənab Zubkov və Rusiya Prezidenti yanında Vətəndaş Cəmiyyəti Şurasının rəhbəri cənab Fadeyev Moskvadan Bakıya gəlmişdilər və biri ayın 13-də, o biri isə ayın 14-də Bakıdan ayrılmışdılar. Bizə bu barədə nə Almaniyadan, nə Rusiyadan hər hansı bir xəbər daxil olmamışdı. Yəni sadəcə olaraq, bizim ərazimiz bizdən xəbərsiz istifadə edilmişdir. Belə bir görüşün olub-olmaması ilə bağlı da mən konkret bir şey deyə bilmərəm. Çünki biz bunu görməmişik. Amma dediyim bu uçuş statistikası deməyə əsas verir ki, belə bir gizli görüş Bakıda keçirilmişdir. Əgər bu görüş Ukrayna-Rusiya müharibəsini sonlandıracaqsa, əlbəttə ki, biz bunu alqışlayırıq”.
Görünür, həm Moskva, həm də Berlin prosesi maksimum dərəcədə məxfi saxlamağa çalışır və rəsmi kanallarla heç bir məlumat verməməyə üstünlük verir.
Musavat.com

