Ukrayna ordusunun Rusiyaya və ilhaq edilən ərazilərə ardıcıl zərbələri Putin hakimiyyətini qəliz və hətta aciz duruma salıb. Bu da “isti” fakt.
Məlum olub ki, Patriarx Kirilin rəhbəri olduğu Rusiya Pravoslav Kilsəsi Krımın müdafiəsi üçün xüsusi dua mətni hazırlayıb. Səbəb qismində də ukraynalıların hava zərbələri ucbatından yarımadada Rusiya ordusunun təminatının get-gedə çətinləşməsi göstərilir…
Kilsəsinin təsdiqlədiyi sənəddə Krımın müdafiəsi, işğalçı orduya yardım və Rusiyanın “yadelli basqınlardan” (?!) qorunması ilə bağlı dualar yer alıb. Bu barədə yazan “The Economist” qeyd edir ki, Ukraynanın endirdiyi zərbələr tədricən rus qüvvələrinin Krımdakı logistikasını qəlizə salmaqdadır. Bildirilir ki, yarımada əvvəllər istehkam hesab olunsa da, indi Moskva üçün tədricən tələyə çevrilməkdədir.

Məqalədə, həmçinin, əsas hədəflərdən birinin Krım körpüsü olduğu vurğulanır. Artıq zərbə təhlükəsi ilə bağlı körpü vasitəsilə yanacaq və yüklərin daşınması riskli hesab olunur. Ağır yük maşınlarının hərəkətinə isə məhdudiyyətlər qoyulub.
Dənizdə də problemlər yaranıb. Moskva Qara dəniz donanmasını artıq Sevastopoldan çıxarıb. Pilotsuz aparat hücumlarından sonra isə Azov dənizində gəmiçiliyə müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Sakinlər uzunmüddətli saxlanılan ərzaq məhsulları alır, yanacaqdoldurma məntəqələrində növbələr yaranıb…
Əslində, proses çoxdan buna yön almışdı. Aydın idi ki, kollektiv Qərbin hərtərəfli köməyi sayəsində döyüş meydanında hərbi texnoloji üstünlük əldə edən Ukrayna bundan maksimum şəkildə, özəlliklə Krımı blokadaya almaq və oradakı Rusiya qüvvələri üçün yarımadanı cəhənnəmə çevirməyi hədəfləyəcək.
Sirr deyil ki, işğal altındakı Krım və ardınca inşa edilən Krım körpüsü I Pyotr sevdalısı Putinin bioqrafiyasında hər şeydən öncə böyük “uğur hekayəsi”, qürur məsələsidir. Ukraynanın Rusiya tərəfindən “udulmağa” başlamasının ilk real və ciddi təzahürü, danışıqlar masası arxasında güclü “kozr”, nəhayət, Rusiyanın fövqəlgüc statusunu möhkəmlədən anlayışdır.

İndi bütün bunların üstündən xətt çəkilmə təhlükəsi yaranıb. Əgər Rusiya Putin dövründə Krım hesabına ərazicə “şişməyə” başlayıbsa, Krımla da kiçilməyə başlaya və “partlaya” (parçalana) bilər. Odur ki, şəkk-şübhəsiz, Kreml rəhbəri mümkün olmayanları belə, etməyə çalışacaq ki, situasiyanı öz xeyrinə xilas eləsin.
Bundan ötrü o, ümumi səfərbərlik qərarı da verə bilər. Ancaq bunun çətin ki, faydası olsun.
Birinci ona görə ki, müharibənin 5-ci ilində (!) belə bir qərar “xüsusi hərbi əməliyyat” avantürasının iflas olduğunun rəsmi etirafı anlamına gələr – daxildə bütün neqativ siyasi sonuclarla birgə. Onsuz da Rusiya liderinin reytinqi düşməyə başlayıb. Bir yandan da qəfil səfərbərlik ehtiyacı.
İkincisi, zaman-zaman yazmışıq yenə təkrarlamaq zərurəti var ki, illərdir aparılan rəsmi təbliğata rəğmən, bu, Rusiya cəmiyyətindən ötrü, rus mujikindən ötrü Vətən müharibəsi yox, qonşu və qardaş dövlətə və xalqa qarşı bir hərbi təcavüzdür. Toplum bunu çoxdan fərq edib.
Qısacası, Kirilin duaları da işə yaramayacaq. Yaraya bilməz. Yaxşı deyiblər, qovan da “Allah” çağırır, qaçan da. Bir də ki, Yaradan öz yaratdıqlarının hamısının dualarını eşidər, amma hamısını qəbul eləməz. Hansını? Əlbəttə ki, batil duaları. “Sərhədsiz Rusiya” naminə qətlə yetirilən və oğurlanan ukraynalı uşaqların ahı necə olsun bəs?
Bunu kimsə Kremlə və Kirilə çatdırsın…
Müsavat.com
Z.SƏFƏROĞLU

