Fransa prezidenti Emmanuel Makron və birinci xanım Bricit Makron arasındakı münasibətlər yenidən dünya mediasının diqqət mərkəzinə düşüb. Bu dəfə “Le Parisien” qəzeti və jurnalist Florian Tardifin yeni nəşr olunan kitabı cütlük arasında yaşanan şok insidentin pərdəarxası məqamlarını üzə çıxarıb. İddialara görə, ötən il Vyetnama rəsmi səfər zamanı Bricit Makron hamının gözü qarşısında həyat yoldaşına şillə vurub.
NOCOMMENT.az xəbər verir ki, bu qalmaqalın mərkəzində dayanan şəxs isə məşhur iranlı aktrisa Gülşiftə Fərahanidir. Məlumata görə, cütlüyü Hanoya aparan təyyarə eniş etdikdən dərhal sonra Bricit Makron həyat yoldaşının telefonunda aktrisaya ünvanlanmış silsilə mesajlar aşkar edib. Mesajlarda Emmanuel Makronun aktrisaya olan heyranlığını ifadə etdiyi və onun gözəlliyi barədə müxtəlif komplimentlər yazdığı iddia olunur. Hiddətinə hakim ola bilməyən birinci xanım təyyarənin qapısı açılan kimi, rəsmi qarşılanma mərasimi öncəsində prezidentin üzünə şillə vurub.
Jurnalist Tardif qeyd edir ki, Fransa prezidenti ilə aktrisa arasında bir müddət davam edən “platonik” və ya virtual ünsiyyət olub və Bricit Makron bu vəziyyətdən uzun müddətdir şübhələnibmiş. Hadisə o zaman Yelisey sarayı tərəfindən “kiçik bir anlaşılmazlıq” kimi qələmə verilsə də, yeni üzə çıxan faktlar bunun ciddi ailə dramı olduğunu təsdiqləyir. Baxmayaraq ki, xanım Makronun ətrafı bu iddiaları qəti şəkildə təkzib edərək, birinci xanımın heç vaxt həyat yoldaşının şəxsi telefonunu yoxlamadığını bildirib, bu xəbər artıq Fransada böyük siyasi rezonans doğurub. Gülşiftə Fərahani isə hələlik bu iddialarla bağlı susqunluğunu qoruyur.


