Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Qazaxıstana üç günlük səfərə yola düşür. Səfər 15 maya qədər davam edəcək. Bu gün Astanada o, qazaxıstanlı həmkarı Qasım-Jomart Tokayevlə görüşəcək, daha sonra Türkiyə ilə Qazaxıstan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasında iştirak edəcək.
Sabah, 15 mayda Türkiyə lideri Türküstan bölgəsinə səfər edəcək və orada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısında iştirak edəcək. “Resmi Gazete”də dərc olunan sərəncama əsasən, dövlət başçısının iştirak etmədiyi müddətdə vitse-prezident Cevdet Yılmaz Türkiyədə prezident səlahiyyətlərini icra edəcək.
TDT dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısı “Süni intellekt və rəqəmsal inkişaf” mövzusuna həsr olunacaq.
//Samir Qurbanov, Editor.az


