İrlandiya hökuməti ölkə vətəndaşlığına müraciət qaydalarını sərtləşdirməyə hazırlaşır. Yeni təkliflərə əsasən, vətəndaşlıq üçün tələb olunan yaşayış müddətinin beş ildən səkkiz ilə qədər artırılması nəzərdə tutulur.
Editor.az xəbər verir ki, İrlandiyanın ədliyyə naziri Cim O’Kallahan tərəfindən hökumətə təqdim olunacaq yeni qanun layihəsinə əsasən, vətəndaşlıq almaq istəyən şəxslər ölkədə ən azı səkkiz il qanuni əsaslarla yaşamalıdır. Hazırda bu müddət beş ildir. Qaydanın əvvəlcə üç ildən beş ilə qaldırıldığı, yeni dəyişikliklə isə daha üç il artırılmasının planlaşdırıldığı bildirilir.
Yeni tələblər çərçivəsində namizədlərdən ingilis və ya irland dili üzrə müəyyən səviyyədə biliklərini nümayiş etdirmək də tələb olunacaq. Bundan əlavə, müraciət edən şəxslərin ölkənin cəmiyyəti, siyasi sistemi və vətəndaşlıq dəyərləri barədə əsas biliklərə malik olması nəzərdə tutulur.
Vətəndaşlıq üçün müraciət edən şəxslərdən iqtisadi baxımdan müstəqil olmaları da tələb ediləcək. Müəyyən sosial yardım və ödənişlərdən istifadə edən şəxslərin müraciətinin məhdudlaşdırılması planlaşdırılır. Eyni zamanda, dövlətə borcu və ya ciddi hüquqi problemləri olan şəxslərlə bağlı əlavə məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur.
Yeni qaydalara əsasən, İrlandiya vətəndaşlığının milli təhlükəsizlik və ictimai asayişlə bağlı hallarda ləğv edilməsi üçün də ayrıca hüquqi mexanizmin yaradılması planlaşdırılır.
Ukraynadan müvəqqəti müdafiə statusu ilə İrlandiyaya gələn şəxslərin bu status çərçivəsində ölkədə keçirdikləri müddətin vətəndaşlıq üçün tələb olunan səkkizillik yaşayış müddətinə daxil edilməyəcəyi də bildirilir.
İrlandiya hökuməti hesab edir ki, dəyişikliklər ölkənin vətəndaşlıq sistemini digər Avropa İttifaqı ölkələrinin qaydalarına daha da yaxınlaşdıracaq. Bununla yanaşı, müxalifət və miqrant hüquqlarını müdafiə edən təşkilatlar təklif olunan dəyişiklikləri tənqid edərək, vətəndaşlıq əldə etmək prosesinin həddindən artıq çətinləşdirilə biləcəyini bildiriblər.
Qanunvericilik dəyişikliklərinin hökumətin gündəliyinə yaxın günlərdə çıxarılması gözlənilir.
//Gülnarə Abasova, Editor.az

