Həkim sürücülərə xəbərdarlıq etdi: Bu əlamətlər varsa, sükan arxasına keçməyinbackend

Həkim sürücülərə xəbərdarlıq etdi: Bu əlamətlər varsa, sükan arxasına keçməyin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sükan arxasında yuxulu vəziyyət sürücünün həyatını təhlükəyə atan əsas amillərdən biri hesab olunur. Mütəxəssislərin fikrincə, yuxulu vəziyyət bir anda yaranmasa da, sürücü təhlükəli vəziyyətə düşdüyünü gec fərq edə bilər. Bu isə avtomobilə nəzarətin itirilməsi və saniyələr ərzində ağır qəzanın baş verməsi ilə nəticələnə bilər.

Editor.az xəbər verir ki, terapevt, kardioloq Yelena Savçenkova-Belyatko sükan arxasında zamanı yuxulu vəziyyətin əsas səbəbləri və təhlükəli əlamətləri barədə danışıb.

Həkim bildirib ki, yuxulu vəziyyətin əsas səbəbləri arasında kifayət qədər yatmamaq və bioloji ritmin pozulması dayanır. Xüsusilə gecə saat 02:00-dan 05:00-dək, həmçinin günorta 13:00-dan 16:00-dək yuxuya meyillilik daha çox müşahidə olunur.

Bundan başqa, uzun və monoton səfərlər, avtomobil salonunda temperaturun yüksək olması, təmiz havanın kifayət qədər daxil olmaması və ağır yeməklər də sürücünün yuxulu vəziyyətə düşməsinə səbəb ola bilər.

Mütəxəssis bəzi xəstəliklərin və dərmanların da yuxulu vəziyyəti artırdığını qeyd edib. Yuxu apnesi, qanazlığı, xroniki yorğunluq sindromu və qalxanabənzər vəzinin fəaliyyətinin zəifləməsi bu səbəblər arasında göstərilir. Bəzi allergiya əleyhinə, sakitləşdirici və təzyiq dərmanlarının da əlavə təsirlərindən biri yuxulu vəziyyət yarada bilər.

Həkimin sözlərinə görə, sürücünün yuxuya getməyə başladığını göstərən əsas əlamətlər bunlardır:

  • tez-tez əsnəmək;
  • gözlərdə “qum varmış” kimi narahatlıq hissi;
  • başın arxa hissəsində və ya ətraflarda ağırlıq;
  • tez-tez göz qırpmaq;
  • başın qeyri-ixtiyari aşağı düşməsi;
  • avtomobili hərəkət zolağında düz saxlamaqda çətinlik;
  • sükanı tez-tez düzəltmək məcburiyyətində qalmaq;
  • yol nişanlarını və ya dönüşləri gözdən qaçırmaq.

Mütəxəssis vurğulayıb ki, yuxulu vəziyyətlə mübarizə aparmaq üçün sürücünün özünü məcbur etməsi yalnız müvəqqəti effekt verə bilər. Orqanizm istirahət tələb edirsə, ən təhlükəsiz addım avtomobili saxlayaraq dincəlməkdir.

//Gülnarə Abasova, Editor.az