TRIPP layihəsinin təhlükəsizliyi ilə bağlı İranın irəli sürdüyü son şərtlər regionda layihənin icra mexanizmi və mümkün təhlükəsizlik modeli ətrafında yeni müzakirələr yaradıb. Tehran marşrutun təhlükəsizliyinin Ermənistan Silahlı Qüvvələri və ya Ermənistan ərazisində artıq yerləşən üçüncü ölkənin, ehtimal ki, Rusiya hərbçilərinin iştirakı ilə təmin olunmasını istəyir. Bu yanaşma İranın əsas narahatlığının ABŞ-ın hərbi və ya təhlükəsizlik elementlərinin İranın şimal sərhədlərinə yaxınlaşmasının qarşısını almaq olduğunu göstərir.
Digər tərəfdən, mövcud TRIPP çərçivəsində Ermənistan öz ərazisində suverenliyini, təhlükəsizlik və hüquq-mühafizə səlahiyyətlərini qoruyur. Bu baxımdan, İranın irəli sürdüyü şərt yalnız təhlükəsizlik məsələsi deyil, eyni zamanda layihənin iştirakçıları arasında formalaşan qüvvələr balansına təsir edə biləcək geosiyasi tələb kimi də qiymətləndirilə bilər.
Belə bir vəziyyətdə əsas sual İranın bu şərtlə TRIPP layihəsinin reallaşmasına mane olmağa çalışıb-çalışmadığı, yoxsa layihənin təhlükəsizlik mexanizminə təsir göstərərək öz strateji maraqlarını qorumağa çalışmasıdır.
Politoloq Oqtay Qasımov Editor.az-a açıqlamasında bildirib ki, İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi aydındır və uzun müddətdir İranın bu məsələyə mane olmaq cəhdlərinin şahidi olmuşuq:
“Hazırda yayılan iddiaya gəldikdə isə, İran tərəfi bir neçə dəfə həm SEPAH generallarının, həm də siyasətçilərin dili ilə bu məsələyə və İranın mövqeyinə aydınlıq gətirib. Onlar bildiriblər ki, İranın şimal sərhədlərində üçüncü ölkənin qüvvələrini görmək istəmirlər. Söhbət əslində amerikalılardan gedir. Nəzərə alsaq ki, Zəngəzur dəhlizində, yəni TRIPP marşrutunda nəzarət Amerikanın şirkətləri tərəfindən həyata keçiriləcək, onlar hər hansı hərbi birləşmə tərəfindən deyil, sadəcə olaraq təhlükəsizliyi təmin edən şirkət rolunda bu işi icra edəcəklər.
İranın bu məsələdə israrına və orada yalnız üçüncü ölkə olarsa, Ermənistanın özü təhlükəsizliyi təmin etdiyi halda buna razı olduğunu, üçüncü ölkə olacağı təqdirdə isə nəzarətin Rusiya tərəfindən həyata keçirilməsinə razılaşa biləcəyi ilə bağlı iddialar var. Nəzərə almaq lazımdır ki, əslində, bu iddialar əvvəllər də səsləndirilib. İki il öncə, əslində bu zamanlar İran və Rusiya arasında Zəngəzur dəhlizi ilə bağlı kifayət qədər gərgin münasibətlərin olduğu da yaxşı xatırlanır. Yəni bu epizodları xatırlayırıq”.
Onun sözlərinə görə, İran bu cür təhdidlərlə bir formada öz maraqlarını təmin etməyə çalışır:
“Çünki İran hesab edir ki, Ermənistana təzyiq göstərməklə Zəngəzur dəhlizinin, yəni TRIPP marşrutunun açılmasını əngəlləyə bilər və İran ərazisindən keçən Araz dəhlizi ilə yüklərin daşınmasına nail ola bilər. Bu zaman İran həm siyasi təsir alətləri əldə etmiş olur, eyni zamanda, kifayət qədər maliyyə gəlirləri əldə edə bilər. Yəni niyyət bundan ibarətdir. İran həm siyasi, həm geostrateji, həm də iqtisadi mənfəət əldə etməyə çalışır.
O ki qaldı İranın Zəngəzur dəhlizinin açılmasına mane olmaq cəhdlərinə, hesab edirəm ki, bu, İran üçün kifayət qədər ciddi bir problem yarada bilər. Yəni İran əgər bu ərazidə — Zəngəzur ərazisində açılacaq dəhlizə, kommunikasiya xəttinə müdaxilə etməyə cəhd edərsə, bu, yeni bir savaş səbəbi ola bilər ki, nəticəsi də İran üçün kifayət qədər ağır olar deyə düşünürəm. Bu baxımdan, İranın bu prosesi əngəlləmək imkanları yüksək deyil, ehtimal çox azdır və İranın nə istəməsindən asılı olmayaraq, bu dəhliz açılacaq. İran da bir formada, əslində, bundan faydalana biləcək ölkələr sırasında ola bilər. Yəni İran məhz belə utopik Hindistan–İran–Ermənistan–Qara dəniz dəhlizi əvəzinə Zəngəzur dəhlizi üzərindən rahat şəkildə, hazır kommunikasiya xətti ilə Qara dənizə, oradan isə Avropaya çıxış əldə edə bilər”.
//Gülnarə Abasova, Editor.az

