Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərova yalan vəd verərək onun böyük məbləğdə pulunu ələ keçirməkdə təqsirləndirilən İntiqam Səfərəliyevin barəsindəki cinayət işi üzrə növbəti məhkəmə baxış iclası olub.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə keçirilən iclasda zərərçəkən Tale Heydərovun müdafiəçisi müvəkkilinin hazırda ölkə hüdudlarından kənarda olduğunu əsas gətirərək onun prosesdə iştirak edə bilməyəcəyini və ibtidai istintaqa verdiyi ifadələrini təsdiq etdiyini deyib.
Təqsirləndirilənin vəkili isə buna cavab olaraq vurğulayıb ki, Tale Heydərovun zərərçəkən oldugunu və iş materiallarında qeydə alınmış səs yazılarının mövcudluğunu nəzərə alaraq onun iclaslarda iştirakını vacib sayıb.
Cavabdeh tərəfin vəkilinin vəsatəti təmin olunmayıb və bundan sonra T.Heydərovun ibtidai istintaqa verdiyi ifadəsi elan edilib.
Onun ifadəsindən bəlli olub ki, İntiqam Səfərəliyevlə əvvəllər yaxın münasibəti olmayıb. Tərəflərin bir-birini tanıması Tale Heydərovun qardaşı Nicat Heydərovun vasitəsi ilə baş verib.
Onların arasındakı milyonluq pul mübahisəsi isə “Azersteel”in səhmlərinin alınması ilə bağlı olub. Buna görə qardaşların müxtəlif dövrlərdə İntiqam Səfərəliyevlə Abid Mamedova verdikləri pullar müxtəlif yollarla mənimsənilib.
Zərərçəkənin ifadəsi ilə bağlı yaranan sualları cavablandırmaq isə vaxt məhdüdiyyətindən iyulun 24-nə təyin edilmiş növbəti prosesə saxlanılıb.
Qeyd edək ki, “AzFinance İnvestisiya Şirkəti”nin direktoru, məşhur maliyyəçi İntiqam Səfərəliyev xüsusilə külli miqdarda dələduzluqda ittiham olunur.
Rəsmi ittihama görə, İ.Səfərəliyev T.Heydərova yalan vəd verərək onun bir milyon manatdan çox pulunu ələ keçirib.
Heydərovun şikayəti əsasında İ.Səfərəliyev barəsində həbs qətimkan tədbiri seçilib. Ona sanksiyasında 10 ildən 14 ilə kimi həbs cəzası olan – Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq – xüsusilə külli miqdarda törədildikdə) maddəsi üzrə yekun ittiham verilib.
Onu da nəzərə çatdıraq ki, İntiqam Səfərəliyev 2019-cu ildən “AzFinance İnvestisiya Şirkəti”nin direktoru işləyib. 15 ildən çox idarəçilik və pul vəsaitlərinin idarə edilməsi təcrübəsinə malik iş adamı Heydərovlara aid olduğu deyilən “AFB Bank”ın Müşahidə Şurasının üzvü və başqa vəzifələrdə də çalışıb.
Xatırladaq ki, ötən proseslərdə İ.Səfərəliyev barədə seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub, o, iclas zalından azadlığa buraxılıb.
İttihamda İntiqam Səfərəliyevlə yanaşı adı keçən və dələduzluqda təqsirləndirilən Abid Mamedovun barəsindəki cinayət işi başqa icraatda araşdırılır. O, hazırda ölkə hüdudlarından kənarda olduğu üçün barəsində axtarış elan edilib.

