Alimlər Yer üzündə həyatın nə vaxt sona çata biləcəyi ilə bağlı yeni hesablamaların nəticələrini açıqlayıblar.
Editor.az xəbər verir ki, araşdırmaya əsasən, planetdə bitki aləmi təxminən 1,8 milyard il sonra tamamilə yox ola bilər ki, bu da Yerin yaşayış üçün yararsız hala gəlməsinin başlanğıcı hesab edilir.
Alimlər Yerin gələcək iqlimini proqnozlaşdırmaq üçün üçölçülü kompüter modelindən istifadə edərək temperatur, yağıntılar, okeanların vəziyyəti, atmosfer sirkulyasiyası və digər amilləri təhlil ediblər.
Mütəxəssislərin sözlərinə görə, zaman keçdikcə Günəşin parlaqlığı artacaq və bunun nəticəsində Yer kürəsində orta temperatur yüksələcək. Eyni zamanda atmosferdə fotosintez üçün vacib olan karbon qazının (CO₂) miqdarı azalacaq. Bu proses bitkilərin tədricən məhv olmasına səbəb olacaq.
Araşdırmada qeyd olunur ki, yalnız quraqlığa davamlı bəzi bitkilər, o cümlədən kaktuslar və xüsusi fotosintez mexanizminə malik növlər daha uzun müddət yaşaya biləcəklər.
Alimlər hesablamaları iki fərqli ssenari əsasında aparıblar. Birinci ssenaridə atmosferdə karbon qazının səviyyəsinin azalacağı, ikinci ssenaridə isə onun sabit qalacağı fərz edilib. Hər iki halda əsas təhlükə Günəşin istiliyinin artması nəticəsində Yerin iqliminin kəskin dəyişməsidir.
Hesablamalara görə, təxminən 1,8 milyard il sonra Yer üzündə bitki həyatının böyük hissəsi məhv olacaq. Daha sonrakı mərhələdə isə Günəşin parlaqlığının artması okeanların buxarlanmasına və planetin həyat üçün yararsız vəziyyətə düşməsinə gətirib çıxaracaq.
Bununla belə, tədqiqat müəllifləri bildirirlər ki, hesablamalarda bitkilərin gələcək təkamülü və bəşəriyyətin inkişaf etdirə biləcəyi texnologiyalar nəzərə alınmayıb. Onların fikrincə, bu amillər gələcəkdə Yer üzündə həyatın ömrünü uzada bilər.
Alimlər həmçinin istisna etmirlər ki, gələcəkdə həyat yeni şəraitə uyğunlaşa, atmosferin yuxarı qatlarına və ya Yer hüdudlarından kənara yayıla bilər. Günəş radiasiyasını azaltmağa yönəlmiş texnologiyalar üzərində aparılan tədqiqatlar da bu istiqamətdə perspektivli hesab olunur.
Mütəxəssislərin qənaətinə görə, mövcud nəticələr Yer üzündə həyatın düşündüyümüzdən daha uzun müddət davam edə biləcəyini göstərir.
//Gülnarə Abasova, Editor.az

