Paşinyana Kremlin soyuq mesajı: Putin niyə onu qəbul etmədi?backend

Paşinyana Kremlin soyuq mesajı: Putin niyə onu qəbul etmədi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş naziri Nikol Paşinyanın parlament seçkilərindən sonra ilk xarici səfərini Rusiyaya etməsi, lakin Rusiya Prezidenti Vladimir Putin tərəfindən qəbul edilməməsi regionda yeni siyasi mesajların müzakirəsinə səbəb olub. Bu səfərin məqsədi, Kremlin Paşinyana münasibəti və Moskvanın İrəvan siyasətindəki son dəyişikliklər barədə beynəlxalq münasibətlər üzrə şərhçi, AĞ Partiyanın sözçüsü Cavanşir Abbaslı Editor.az-ın suallarını cavablandırıb.

AĞ Partiya sözçüsü, beynəlxalq münasibətlər üzrə şərhçi Cavanşir Abbaslı Editor.az-a açıqlamasında bildirib ki, Nikol Paşinyanın seçkilərdən sonra ilk xarici səfərini Rusiyaya etməsi əvvəlcədən gözlənilənilirdi:

“Seçkilər ərəfəsində Moskvanın Ermənistanda Paşinyana alternativ siyasi qüvvələrin hakimiyyətə gəlməsinə üstünlük verməsinə baxmayaraq, seçkilərin nəticəsindən sonra Ermənistan hökumətinin Rusiyaya münasibətdə sərt addımlar atmaq imkanları məhdud idi. Unutmaq olmaz ki, Ermənistan ərazisində Rusiyanın 102-ci hərbi bazası hələ də fəaliyyətini davam etdirir. Bir dövlətin ərazisində başqa bir dövlətin hərbi bazasının mövcudluğu həmin ölkənin təhlükəsizlik və hərbi siyasətdə tam müstəqil olmadığını göstərən mühüm amillərdən biridir. Bu baxımdan Paşinyan Rusiyanı tamamilə qarşısına almağın mümkün olmadığını anlayırdı.

Erməni baş nazir zatən Vladimir Putinin onu ayrıca qəbul etməyəcəyini bilirdi. Çünki, əvvəlcədən səfər protokolu tərtib olunur. Buna baxmayaraq, Rusiyaya səfər etməklə Kremlə mesaj verməyə çalışdı ki, Qərbyönlü siyasətçi kimi onu qəbul etsələr də, balanslı xarici siyasət yürütmək və Moskva ilə münasibətləri qorumaq niyyətindədir. Mövcud geosiyasi şəraitdə onun alternativ seçim imkanları da kifayət qədər məhdud idi”.

Onun sözlərinə görə, Paşinyanı Putinin deyil, Rusiyanın baş naziri səviyyəsində qəbul olunması bir siyasi mesajdır, özü də bu mesaj Kreml rəhbərindən gəlib:

“Amma istənilən halda Rusiya Paşinyan hökuməti ilə işləyəcək. Çünki, 7 iyun seçkiləri ilə ən böyük təzyiq riçaklarından biri əlindən çıxıb və belə vəziyyətdə şimal qonşumuz Ermənistanın daha da Qərbin “ağuşuna atılması”na şərait yaratmaz.

Diqqət yetirsəniz görərsiniz ki, seçkilərdən sonra Rusiyanın Ermənistana münasibətində seçkiöncəsi dövrdə müşahidə olunan sərt ritorika xeyli zəifləyib. Bu da Moskvanın yaranmış reallığı qəbul etdiyini göstərən əlamətlərdən biridir. Məncə, Paşinyan Ermənistanın maraqları baxımından mümkün olan ən praqmatik addımı atdı. Əgər o, ilk xarici səfərini Avropa ölkələrindən birinə etsəydi, bu, Moskva tərəfindən ciddi siyasi etimadsızlıq kimi qəbul olunacaqdı. Məhz buna görə ilk səfərin Rusiyaya edilməsi həm Kremlə, həm də Qərbə verilmiş balans mesajı idi. Paşinyan bununla göstərməyə çalışdı ki, Ermənistan Avropa istiqamətində inteqrasiyanı davam etdirsə də, hələlik Rusiyanın təsirindən tam şəkildə çıxmaq imkanına malik deyil”.

//Gülnarə Abasova, Editor.az