Moskva-Berlin xəttində gərginlik artır: Rusiya-NATO savaşı yaxınlaşır?backend

Moskva-Berlin xəttində gərginlik artır: Rusiya-NATO savaşı yaxınlaşır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ilə NATO arasında son dövrlərdə artan siyasi və hərbi ritorika Avropanın təhlükəsizlik mühitində yeni risklərin formalaşdığını göstərir. Tərəflər arasında birbaşa hərbi qarşıdurma ehtimalı hələlik aşağı qiymətləndirilsə də, qarşılıqlı ittihamların, hibrid təhdidlərin və hərbi hazırlıqların intensivləşməsi regionda təhlükəsizlik balansına təsirsiz ötüşmür. Bu proses Azərbaycanın da yerləşdiyi Cənubi Qafqaz üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Avropada və Qara dəniz hövzəsində yaranan hər bir yeni gərginlik regionun geosiyasi dinamikasına, nəqliyyat və enerji marşrutlarına, eləcə də təhlükəsizlik mühitinə müəyyən təsir göstərə bilər. Bu baxımdan, Moskva ilə Qərb arasındakı qarşıdurmanın hansı istiqamətdə inkişaf edəcəyi yalnız tərəflər üçün deyil, region ölkələri, o cümlədən Azərbaycan üçün də diqqətlə izlənilməli məsələdir.

Politoloq Fəqani Məhərrəmli Editor.az-a açıqlamasında bildirib ki, Rusiya-Qərb münasibətlərini bir neçə kontekstdə qiymətləndirmək olar ki, bunların da ən vacibi Rusiya-Almaniya münasibətləridir:

“Keçən əsrdə bu dövlətlər iki dəfə dünya savaşında qarşı-qarşıya gəlsələr də, Sovet İttifaqının dağılması ilə çox yaxın tərəfdaşa çevrildilər. Almaniya Rusiyanın enerji satışında ən böyük alıcısı rolunda idi. İqtisadi-siyasi əlaqələr o qədər böyümüş və yaxınlaşmışdır ki, hətta Almaniyanın keçmiş prezidenti H. Şröder Rusiya “Qazprom”unun direktorlar şurasının üzvü idi. Lakin Ukrayna savaşı hər iki dövləti yenidən üz-üzə qoydu və münasibətlər hər keçən gün daha da pisləşməyə doğru gedir.

Məlumdur ki, Rusiya-Ukrayna savaşında Ukraynanın ən böyük tərəfdaşı məhz Almaniyadır. Son günlər, xüsusilə Almaniyanın Leypsiq şəhərinin aeroportunda rus xüsusi xidmət orqanları tərəfindən hazırlandığı güman edilən partlayıcı yüklü dronun tapılması Berlin-Moskva xəttində yeni gərginliklərin başlamasına səbəb oldu. Rəsmi Moskva hər nə qədər bunu təkzib etməyə çalışsa da, Almaniya hökuməti sərt bəyanatlarla yanaşı, Rusiyanın Bonn şəhərində yerləşən baş konsulluğunu və Berlində fəaliyyət göstərən “Rus evi”ni bağladığını elan etdi.

Düşünmək olar ki, hər iki dövlət arasında bundan sonra da sərt demarşlar və ritorikalar yüksələn xətlə davam edəcək. Çünki Almaniyanın Rusiya tərəfindən törədildiyi deyilən provokasiyaları cavabsız qaldığı müddətcə ölkədaxili siyasi həyəcan artır ki, bu da heç də baş nazir Fridrix Mertsin rəhbərlik etdiyi hökumətə sərf etmir. Sonuncu əyalət seçkilərində ultra sağ təmayüllü “Almaniya üçün Alternativ” partiyasının qalib gəlməsi ölkənin gələcək siyasi həyatı üçün bir siqnal kimi qiymətləndirilir.

Bir çox ekspertlər Almaniya-Rusiya münasibətlərinin bu günü və yaxın gələcəyini artıq stabil modelin olmadığını, birbaşa toqquşmalardan qaçmaq üçün sadəcə gərginliyin mümkün qədər idarə edilməsinin vacibliyi haqqında danışırlar”.

//Gülnarə Abasova, Editor.az