Ukrayna müharibəsi ətrafında diplomatik fəallığın artmasına baxmayaraq, tərəflərin əsas məsələlər üzrə mövqelərində ciddi fərqlər qalmaqdadır. ABŞ-ın Moskva və Kiyev arasında danışıqların bərpasına yönəlmiş təmasları, Avropanın Ukraynaya siyasi dəstəyi və Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar fonunda sülh perspektivi yenidən beynəlxalq gündəmin diqqət mərkəzinə keçib. Bununla yanaşı, prosesin davamlı və real siyasi razılaşma ilə nəticələnməsi üçün tərəflərin mövqelərinin nə dərəcədə yaxınlaşdırıla biləcəyi əsas suallardan biri olaraq qalır. Belə bir şəraitdə münaqişənin gələcək istiqaməti yalnız Moskva və Kiyev arasındakı münasibətlərdən deyil, eyni zamanda beynəlxalq güclər arasında formalaşan yeni geosiyasi balansdan da asılıdır.
Politoloq Fəqani Məhərrəmli Editor.az-a açıqlamasında bildirib ki, Rusiya-Ukrayna konflikti iki ölkə arasında olan münaqişə və ya torpaq almaq iddiası deyil, bu, beynəlxalq güclərin də içində olduğu qlobal bir münaqişədir və dünyanın yeni nizamı formalaşmadan onun sülh masasında bitmə ehtimalı çox aşağıdır:
“Bu iki slavyan ölkə arasında savaş beş ilə yaxındır davam etməsinə baxmayaraq, üfüqdə barışığın heç bir əlaməti görünmür. Müharibənin ilk aylarında Türkiyənin vasitəçiliyi ilə İstanbulda başlayan və yalnız “Taxıl dəhlizi” ilə bağlı razılaşma əldə edə bilən tərəflər daha sonra çoxsaylı və çoxtərəfli danışıqlardan heç bir nəticə əldə edə bilmədilər. ABŞ Prezidenti D.Trampın göstərmiş olduğu səylər, eləcə də onun xüsusi nümayəndələri S.Uitkoff və D.Kuşnerin Kiyev və Moskvaya etdikləri çoxsaylı səfərlər nəticəsiz qaldı. Təəssüf ki, başda BMT olmaqla, bir sıra beynəlxalq təşkilatların da sülh yaratmaq missiyası uğursuz oldu. Təhlillər və tərəflərin verdiyi açıqlamalar deməyə əsas verir ki, ən azından 2026-cı il sülh ili olmayacaq. Rəsmi Kiyev bugünkü şərtlərdə Krımın və Donbasın Rusiyaya güzəşt edilməsinə razı olmayacaq, eləcə də Rusiya işğal və ilhaq etdiyi bölgələrdən çəkilmək niyyəti nümayiş etdirmir. Deməli, belə bir situasiyada tərəflər “müharibə siyasətin zorakı yollarla davamıdır” düsturunu əldə rəhbər tutaraq savaşmağa davam edəcəklər”.
//Gülnarə Abasova, Editor.az

