Türkiyə Hərbi Dəniz Qüvvələrinin “Mavi Vətən”də artan gücü İsraili hərəkətə keçməyə sövq edib.
Editor.az-ın xəbərinə görə, Türkiyə sualtı qayıq donanmasını 14-dən 18-ə çatdırmaq planını əsas götürüb.
İsrailin təhlükəsizlik rəsmiləri isə Təl-Əviv rəhbərliyinə öz donanmasındakı sualtı qayıqların sayını səkkizə çatdırmağı tövsiyə ediblər.
İsrail Ordu Radiosunun təhlükəsizlik mənbələrinə istinadən hazırladığı hesabatda qeyd olunub ki, Türkiyə hazırda 14 işlək sualtı qayığa malikdir və yaxın illərdə bu sayın 18-ə çatacağı gözlənilir.
Bunun əksinə olaraq, İsrailin inventarında hazırda cəmi beş sualtı qayıq var. İsrailə tezliklə altıncı sualtı qayığın təhvil verilməsi nəzərdə tutulsa da, Təl-Əvivdəki müdafiə rəsmiləri Türkiyə Hərbi Dəniz Qüvvələrinin gücü ilə müqayisədə bu sayın kifayət etmədiyini bildiriblər.
//Dəniz Pənahova, Editor.az

