Odessa yaxınlığında gəmiyə dron hücumu: İki Azərbaycan vətəndaşı həlak oldu, yaralılar var – VİDEObackend

Odessa yaxınlığında gəmiyə dron hücumu: İki Azərbaycan vətəndaşı həlak oldu, yaralılar var – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qara dənizdə heyətində Azərbaycan vətəndaşlarının da olduğu “TEDY” adlı xarici yük gəmisi sentyabrın 9-da dron hücumlarına məruz qalıb.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində Azərbaycan vətəndaşları Aslan Əliyev və Asim Qasımovun həlak olduğu, İmran Novruzov və Rauf Əliyevin isə xəsarət aldığı barədə məlumat daxil olub. Yaralılar Ukraynanın Çernomorsk şəhər xəstəxanasında yerləşdiriliblər:

“Hazırda məsələ ilə bağlı Xarici İşlər Nazirliyi tərəfindən ölkəmizin diplomatik nümayəndəlikləri, habelə müvafiq ölkələrin səlahiyyətli qurumları ilə əlaqələndirmə işləri həyata keçirilir. Yaralı vətəndaşlarımızın tibbi müayinəsi və müalicəsindən sonra onların ölkəyə qaytarılması və zəruri konsulluq dəstəyinin göstərilməsi, habelə cənazələr üzrə prosedurların həyata keçirilməsi istiqamətində tədbirlər görülür”.

XİN Azərbaycan vətəndaşlarını hərbi əməliyyatların davam etdiyi və ya təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən, həmin ərazilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan və ya bu marşrutlar üzrə fəaliyyət göstərən nəqliyyat vasitələrində, o cümlədən gəmilərdə işləməkdən çəkinməyə bir daha çağırıb.

Dünən səhər saatlarında Qara dənizdə, Odessa limanı yaxınlığında Somali bayrağı altında üzən, “Mert Marine Corporation” şirkətinə məxsus EDY yedək gəmisinə dron hücumu olub.

Oxu.Az xəbər verir ki, hadisə zamanı gəmidə ümumilikdə 10 nəfərlik heyət olub. Onlardan dördü Azərbaycan, üçü Türkiyə, ikisi Almaniya, biri isə Ukrayna vətəndaşıdır.

Qeyd olunub ki, hücumdan sonra gəmi gecə saatlarında Konstansa limanına doğru hərəkət edərkən daha iki dron hücumuna məruz qalıb. Bu hücumlar nəticəsində iki Azərbaycan vətəndaşı – dənizçilər Aslan Əliyev və Asim Qasımov həlak olublar. Digər iki azərbaycanlı dənizçinin isə yaralanaraq Odessa şəhərində xəstəxanaya yerləşdirildiyi və hazırda müalicə aldıqları bildirilir.