Estoniya XİN rəhbəri Rusiyanın NATO-ya hücum imkanlarını şübhə altına alıbbackend

Estoniya XİN rəhbəri Rusiyanın NATO-ya hücum imkanlarını şübhə altına alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Rusiyanın NATO ölkələrinə genişmiqyaslı hərbi hücum həyata keçirməsinin real olmadığını bildirib.

Editor.az xəbər verir ki, nazir bu barədə The Wall Street Journal qəzetinə açıqlamasında danışıb.

Tsahknanın sözlərinə görə, Avropa Rusiyadan mümkün təxribatlara qarşı diqqətli olmalı və istənilən ssenariyə hazır vəziyyətdə qalmalıdır. Bununla belə, o, Rusiyanın NATO-ya qarşı genişmiqyaslı hərbi təcavüz həyata keçirmək imkanlarını real hesab etmədiyini vurğulayıb.

“Vəziyyəti diqqətlə izləməli və real təxribatlara hazır olmalıyıq. Lakin NATO-ya qarşı genişmiqyaslı hərbi təcavüz? Rəqəmlər bunu göstərmir”, – deyə Estoniya XİN rəhbəri qeyd edib.

Tsahkna, eyni zamanda, Rusiya hakimiyyətini Avropada müxtəlif hücum, sabotaj və təxribatların təşkilində ittiham edib. O, NATO ölkələrinin ərazisinə Ukrayna pilotsuz uçuş aparatlarının daxil olması ilə bağlı insidentlərin də Avropanı Ukraynaya dəstəyi artırmağa sövq etməli olduğunu bildirib.

Estoniya rəsmisi Rusiyadan gələcək mümkün hücumlara cavabın hərbi müdaxilə formasında deyil, əsasən sanksiyalar vasitəsilə verilməli olduğunu deyib.

“İstənilən hücuma cavab verməliyik. Bu, Rusiyaya gedib nəyisə partlatmaq demək deyil, söhbət sanksiyalar səviyyəsində cavabdan gedir”, – Tsahkna vurğulayıb.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov sentyabrın 8-də ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı Moskvanın Avropaya qarşı hər hansı aqressiv planının olmadığını bildirdiyini açıqlamışdı. Tramp da sentyabrın 4-də Putinin NATO ölkələrinə hücum etmək niyyətində olmadığını söyləmişdi. Bundan əvvəl ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker Rusiyadan NATO üçün təhlükənin hazırda aşağı səviyyədə olduğunu bildirmişdi.

//Gülnarə Abasova, Editor.az