Özbəkistanın Çin istehsalı J-10CE qırıcılarını əldə etməsi ilə bağlı məlumatlar yayılıb.
Bu məlumatlar təsdiqlənərsə, Rusiyanın ölkəyə Su-30SM qırıcıları satmaq perspektivləri zəifləyə bilər.
Məlumata görə, Daşkəndin Çinlə 24 ədəd J-10CE qırıcısının alınmasını nəzərdə tutan razılaşma əldə etdiyi bildirilir. Lakin müqavilənin detalları və təyyarələrin tam sayda tədarükü hələlik Özbəkistan və Çin tərəfindən rəsmi şəkildə açıqlanmayıb.
Açıq mənbələrdə Özbəkistana artıq ən azı iki J-10CE qırıcısının 2025-ci ilin iyulunda çatdırıldığı barədə məlumatlar var. 2026-cı ilin iyulunda isə daha dörd təyyarənin ölkəyə göndərildiyi iddia edilib.
Bu məlumat da rəsmi şəkildə təsdiqlənməyib.
J-10CE Çinin ixrac üçün hazırladığı çoxməqsədli qırıcıdır. Özbəkistanın bu təyyarələri seçməsi ölkənin sovet dövründən qalma MiQ-29 və Su-27-lərdən ibarət aviasiya parkının yenilənməsi baxımından mühüm addım kimi qiymətləndirilir.
Mütəxəssislərin fikrincə, belə bir seçim Mərkəzi Asiyanın hərbi aviasiya bazarında Çinin mövqelərini gücləndirə, Rusiyanın isə ənənəvi silah tədarükçüsü kimi rolunu zəiflədə bilər. J-10CE-lərin mümkün tədarükü Rusiyanın Su-30SM qırıcıları üçün Özbəkistan bazarını itirməsi ilə nəticələnə bilər.
Bununla belə, hazırda 24 ədəd J-10CE üzrə müqavilənin tam təsdiqləndiyini və bütün təyyarələrin Özbəkistana çatdırıldığını demək mümkün deyil. Son məlumatlarda yalnız ayrı-ayrı təyyarələrin ölkəyə gətirilməsi barədə iddialar yer alır.
//Samir Qurbanov, Editor.az

