ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının gələcək statusu ilə bağlı diqqətçəkən açıqlama verib.
Tramp jurnalistlərin suallarını cavablandırarkən strateji əhəmiyyət daşıyan Hörmüz boğazının ABŞ ərazisi elan edilməsini “əla ideya” adlandırıb. O bildirib ki, hazırda boğaz ABŞ-ın tətbiq etdiyi blokada vasitəsilə faktiki olaraq nəzarət altındadır.
“Biz ona nəzarət edirik. Blokada vasitəsilə nəzarətdə saxlayırıq. Onu ABŞ ərazisi elan etmək ideyasını bəyənirəm”, – Tramp deyib.
ABŞ lideri əlavə edib ki, hazırda boğaz üzərində “tam nəzarət” ABŞ-dadır. Onun sözlərinə görə, İran bölgədə problemlər yarada və suya mina yerləşdirə bilər.
Tramp daha əvvəl də İranla bağlı hərbi əməliyyatların başa çatmasından sonra Hörmüz boğazını ABŞ ərazisi elan etmək niyyətində olduğunu bildirmişdi. Tehran isə bu açıqlamaları rədd edərək boğazın ABŞ-a məxsus ola bilməyəcəyini bəyan edib.
Hörmüz boğazı dünya enerji daşımalarının əsas marşrutlarından biri olduğundan, onun statusu ilə bağlı istənilən dəyişiklik qlobal neft bazarları və beynəlxalq gəmiçilik üçün ciddi nəticələr doğura bilər.
//Samir Qurbanov, Editor.az

