“Ermənistan parlamentində baş verən dəyişikliklər seçkilərdən sonra siyasi strukturun yenilənməsinin göstəricisidir. Belə kadr dəyişiklikləri adətən seçkilərdən sonra daha çox müşahidə olunur. Bununla yanaşı, regiondakı reallıqlar da dəyişir. Ermənistanın xarici siyasət strategiyasında və daxili siyasi proseslərində baş verən yenilənmələr göstərir ki, hakimiyyət strukturlarında yerdəyişmə prosesi artıq başlayıb. Alen Simonyanın parlament sədri vəzifəsinə yenidən irəli sürülməməsi bu yenilənmə prosesinin nəticələrindən biri ola bilər”.
Bu fikirləri siyasi şərhçi Elmir Səftərov KONKRET.az-a açıqlamasında səsləndirib:
“Artıq region ölkələri ilə münasibətlərdə baş verən dəyişikliklər də bu qərarın mahiyyətini anlamağa kömək edir. Bəllidir ki, Alen Simonyan hakim komandanın Rusiyaya qarşı ən sərt bəyanatlar verən simalarından biri idi. Lakin nəzərə almaq lazımdır ki, o, baş nazir Nikol Paşinyana ən yaxın şəxslərdən biri idi və səsləndirdiyi mövqelər daha çox Ermənistanın dövlət siyasətini əks etdirirdi. Buna görə də A. Simonyanın çıxışlarını şəxsi mövqe kimi deyil, hökumətin siyasi xəttinin ifadəsi kimi qiymətləndirmək daha doğru olar”.
E.Səftərov qeyd edir ki, Ermənistan hazırda bir tərəfdən Avropa və ümumilikdə Qərblə münasibətlərini inkişaf etdirməyə, digər tərəfdən isə Rusiya ilə əlaqələrdə balansı qorumağa çalışır.
“Bu isə İrəvan üzərində müəyyən siyasi təzyiq yaradır. Bəzən belə təsəvvür yarana bilər ki, hakimiyyət daxilində Rusiyaya münasibətdə fikir ayrılığı var. Lakin mövcud faktlar Paşinyan komandasında ciddi parçalanmanın olduğunu göstərmir. A.Simonyanın Rusiyaya yönəlik sərt ritorikası da hökumətin ümumi siyasi kursunun tərkib hissəsi idi. Rusiyanın tənqid olunması Ermənistanın rəsmi siyasətindən irəli gəlirdi. Ona görə də A.Simonyanla N.Paşinyan arasında bu məsələyə görə hər hansı ziddiyyətin yarandığını düşünmürəm. Ayrı-ayrı məsələlərdə Nikol Paşinyan daha ehtiyatlı mövqe nümayiş etdirsə də, bu, strateji xəttin dəyişməsi anlamına gəlmir”.
Siyasi şərhçi vurğulayır ki, diqqət çəkən məqamlardan biri də Alen Simonyanın yerinə Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyanın irəli sürülməsidir.
“Bu, Ermənistanın xarici siyasətində yeni prioritetlərin formalaşdığı barədə müəyyən ehtimallar yaradır. R.Rubinyan parlament sədri seçildikdən sonra əsas fəaliyyətini qanunverici orqanda davam etdirəcək. Bununla belə, onun Türkiyə ilə normallaşma prosesində əsas fiqurlardan biri olması hakimiyyətin regionda sülh və dialoq gündəmini ön plana çıxarmaq istədiyini göstərən siyasi mesaj kimi də qiymətləndirilə bilər. Lakin Ermənistan elə bir dövlətdir ki, onun üçün bir-birinə əks qütbdə yer alan dövlətlər də ortaq məxrəcə gəlirlər. Ona görə də Ermənistanın regional davranışlarının nə qədər səmimi olub-olmadığını yaxın illərdə daha aydın görəcəyik”.

