Ağdaşda tanımış iş adamının nəvəsinin tir tüfəngi ilə qonşuluqda yaşayan qadını yaralaması ilə nəticələnən hadisənin bəzi detalları məlum olub.
Editor.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə zamanı xəsarət alan 51 yaşlı qadın xəstəxanadan evə buraxılıb.
TƏBİB-dən bildirilib ki, 17.09.2026-cı il tarixində saat 20:35-də 1975-ci il təvəllüdlü qadın Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.
“Pasiyentə qarın divarının açıq yarası diaqnozu təyin olunub. Zəruri tibbi xidmətlərin göstərilməsi məqsədilə pasiyentə əməliyyat blokunda cərrahi müdaxilə icra edilib. Əməliyyatdan sonra pasiyentin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilib. Pasiyentə zəruri tibbi xidmət göstərilib və 21.09.2026-cı il tarixində ambulator müalicə üçün evə buraxılıb”, – məlumatda qeyd olunub.
Hadisəni törətməkdə şübhəli bilinən 14 yaşlı M.Ə. polis əməkdaşları tərəfindən dindirildikdən sonra evə buraxılıb.
Hazırda hadisə ilə bağlı araşdırma davam etdirilir.
Yeniyetmə ilkin ifadəsində küçə heyvanına tir tüfəngi ilə atəş açmaq istədiyini, səhvən qonşuluqda yaşayan qadına xəsarət yetirdiyini deyib.
Qeyd edək ki, M.Ə. Ağdaşın tanınmış sahibkarlarından Məhəmməd Əliyevin nəvəsidir.
Yeniyetmənin atası Cavad Əliyev sualları cavablandırmaqdan imtina edib.
Xatırladaq ki, hadisədə istifadə edilən tir tüfəngi polis əməkdaşları tərəfindən götürülüb. Hazırda tüfəngin kimə aid olduğu müəyyənləşdirilir.
İlkin məlumata görə, silah iş adamı Məhəmməd Əliyevə məxsus olub.

