Editor.az Musavat.com-a istinadən xəbər verir ki, “boz kardinal” barəsində 2025-ci ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 274-cü (dövlətə xəyanət) və 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddələri ilə ittiham verilib.
Qeyd edək ki, Ramiz Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub. Mehdiyev məhkəmədə onlayn iştirak etmək istəyib, lakin hakim vəsatəti təmin etməyib və iclasa gəlməsini tələb edib.
Artıq ona hansı cəzanın verilməsi və hökmün oxunmasından asılı olmayaraq, Mehdiyev həyatının sonuna yaxın bu ağır ittihamla mühakimə olundu. Bu da tarixin bəlkə ilahi ədalətidir ki, vəzifədə olduğu illərdə etdiyi pisliklər qarşısına çıxır.
Siyasətçilər məhkəmədən nə gözləyir? Mehdiyevin dövlətə xəyanəti sübuta yetiriləcəkmi?

AĞ Partiya başqanı Tural Abbaslı Musavat.com-a açıqlamasında məhkəmədən ədalətli qərar gözlədiyini bildirib. Onun sözlərinə görə, Mehdiyevin ilk məhkəmə iclasında iştirakı ilə bağlı geniş məlumat yayılmadı: “Əksinə, məlum oldu ki, o, videokonfrans vasitəsilə məhkəməyə qoşulmaq istəyir. İndi bu, açıq məhkəmə idi və ilk mərhələ sayılır. Güman edirəm ki, sonrakı mərhələlərdə onun iştirakı məsələsi daha aydın olacaq. Mənə elə gəlir ki, Ramiz Mehdiyevin məhkəməyə gətirilməsi ilə bağlı görüntülərin ictimaiyyətə təqdim olunması cəmiyyət üçün əhəmiyyətlidir. Çünki insanların bu prosesdən gözləntisi var. Əgər biz ədalətli məhkəmədən, törədilmiş əməllərə görə hüquqi məsuliyyətdən danışırıqsa, cəmiyyət bu prosesin açıq və şəffaf şəkildə aparılmasını istəyir. Təbii ki, onun konkret olaraq hansı maddələr üzrə təqsirli bilinməsi yalnız məhkəmənin araşdırması və sübutların qiymətləndirilməsi nəticəsində müəyyən edilə bilər”.
Partiya başqanının gözləntisi ondan ibarətdir ki, yaşı və səhhəti ilə bağlı məsələlərdən asılı olmayaraq, əgər təqsiri sübuta yetirilərsə, qanun qarşısında nəzərdə tutulan məsuliyyətdən yayınmamalıdır: “Hesab edirəm ki, məhkəmə araşdırması dövründə də onun statusu və təcrid məsələsi qanunun tələblərinə uyğun şəkildə, bütün digər şəxslər üçün tətbiq olunan meyarlarla müəyyənləşdirilməlidir. Amma yenə də bəzi narahatlıqlarım var. Çünki Ramiz Mehdiyevin uzun illər dövlət strukturlarında çalışdığı dövrdə formalaşdırdığı əlaqələrin və yerləşdirdiyi kadrların bu prosesə hər hansı formada təsir göstərməsi ehtimalı ilə bağlı cəmiyyətdə suallar yarana bilər. Təbii ki, bunlar yalnız ehtimallardır və konkret faktlarla təsdiqlənməyən iddialara çevrilməməlidir. Hər halda, gözləyəcəyik”.

Böyük Azərbaycan Partiyasının sədri, deputat Elşad Musayevin sözlərinə görə, Ramiz Mehdiyev uzun illər dövlətin yüksək vəzifələrində çalışıb və ona verilmiş hakimiyyət səlahiyyətlərindən dövlətin və xalqın mənafeyi naminə deyil, şəxsi maraqları üçün istifadə edib: “Bunun nəticəsində milli maraqlara, siyasi mühitə və Azərbaycan cəmiyyətinə ciddi zərər vurulduğu barədə çoxsaylı iddialar səsləndirilib. Ona görə də bu gün Ramiz Mehdiyevin həbsdə olması ilahi ədalətin təcəllisi kimi görünür. Uzun illər yüksək vəzifələrdə çalışmış, müəyyən imtiyazlar və rahat həyat sürmüş bir insan bu gün hüquqi məsuliyyət qarşısındadır”.
Deputat vurğulayıb ki, ittihamların hüquqi qiyməti isə məhkəmənin araşdırması və yekun qərarı ilə müəyyənləşəcək: “Biz Ramiz Mehdiyev haqqında uzun illər danışmışıq, onun fəaliyyəti ilə bağlı müxtəlif fikirlər və iddialar səsləndirmişik. O zaman da deyirdik ki, bir gün onun fəaliyyəti hüquqi qiymət alacaq və o, qanun qarşısında cavab verməli olacaq. Bu gün həmin proses artıq məhkəmə mərhələsindədir. Gözləntim budur ki, Azərbaycan məhkəməsi bu işə tam obyektiv, qanun çərçivəsində və ədalətli şəkildə baxacaq. Əgər Ramiz Mehdiyevin təqsiri məhkəmədə sübuta yetirilərsə, o, törətdiyi cinayətlərə görə qanunla nəzərdə tutulan cəzanı almalıdır”.

