Türkiyədə GETAD çərçivəsində göstəriləcək dəstəyin məbləği hələ tam müəyyənləşdirilməsə də, sistemin əsas məqsədinin müəyyən həddən aşağı gəliri olan ailələri qorumaq olduğu bildirilib.
Editor.az xəbər verir ki, Ailə və Sosial Xidmətlər Naziri Mahinur Özdemir Göktaş tərəfindən “yeni nəsil sosial dəstək modeli” kimi təsvir edilən bu təşəbbüsün 2027-ci ilə qədər bütün ölkə miqyasında tətbiq edilməsi nəzərdə tutulub.
Belə ki, ictimaiyyət arasında “vətəndaşlıq maaşı” kimi tanınan Gəliri Tamamlayan Ailə Dəstəyi Sistemi (GETAD) çərçivəsində göstəriləcək sosial yardım hər bir ailə üçün eyni olmayacaq; əksinə, bu yardım vilayət və rayon səviyyəsindəki ehtiyaclara uyğun olaraq dəyişəcək.
Aşağı gəlirli ailələri və minimum pensiya alanları əhatə edəcək bu yeni sistem, Ailə və Sosial Xidmətlər Nazirliyi ilə Prezident Administrasiyasının Strategiya və Büdcə İdarəsinin koordinasiyası altında aparılan təsir təhlilləri tamamlandıqdan sonra tətbiq olunacaq.
//Dəniz Pənahova, Editor.az

