Xəbər verdiyimiz kimi, sentyabrın 1-də Romada İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə bağlı imzalanmış sənədlər təsdiqlənib.
İlk dəfə olaraq Azərbaycanın xarici ölkələrlə birlikdə yaratdığı yeni universitet daha çox texniki və texnoloji sahədə fəaliyyət göstərəcək.
Azərbaycan tərəfdən yeni Universitetin tərəfdaşı ADA universitetidir. İtaliya tərəfdən isə bu prosesdə 5 universitet iştirak edəcək.
Mövzu ilə bağlı Editor.az–a açıqlama verən Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini, təhsil eksperti Nadir İsrafilov bildirib ki, belə bir Universitetin yaradlması ideyası hələ iki il bundan öncə – Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri zamanı birinci xanım Mehriban Əliyeva ilə Roma şəhərində səfirliyimiz və onun tabeliyində Azərbaycan Mədəniyyət Mərkəzi üçün nəzərdə tutulan bina ilə tanışlıq zamanı yaranıb:

“Romada İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsinin müəyyən edilməsi, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimdə ölkə başçısının “biz gələcəkdə təhsil sahəsində də strateji tərəfdaş kimi fəaliyyət göstərəcəyik. Heç kimə sirr deyil ki, hər bir ölkənin inkişafını təbii resurslar yox, bilik, savad, texnoloji tərəqqi müəyyən edir. Biz Azərbaycanda təbii resurslardan əldə edilmiş gəliri insan kapitalına yönəldirik və bugünkü tədbir bunun əyani sübutudur. Eyni zamanda, əminəm ki, İtaliya-Azərbaycan Universiteti İtaliya-Azərbaycan dostluğu mərkəzi olacaq” – mesajı təhsilin bu gün də prioritet sahə olaraq dövlət tərəfindən himayə olunması, onun inkişafına göstərilən diqqət və dövlət qayğısının yeni təzahürüdür”.
N.İsrafilovun sözlərinə görə, Azərbaycanda Rusiyanın bir sıra universitetlərinin filiallarının açılması, 2014-cü ildə Azərbaycan və Fransa Prezidentlərinin təşəbbüsü ilə yaradılan Azərbaycan-Fransız Universitetinin (UFAZ) fəaliyyəti təhsilimizin beynəlxalq təhsil sisteminə inteqrasiyası baxımından xüsusilə önəmlidir: “İtaliya-Azərbaycan Universitetinin isə məhz Romada açılması, Azərbaycan-İtaliya strateji tərəfdaşlığının dərinləşməsinə doğru daha bir addım atılması ilə yanaşı, həm də bu ölkədə diaspora hərəkatının inkişafına bir dəstəkdir”.
//Gülnarə Abasova, Editor.az

