Fitnes məşqçisi payız yorğunluğu və əhval-ruhiyyənin aşağı düşməsinə qarşı 5 məşq tövsiyə edibbackend

Fitnes məşqçisi payız yorğunluğu və əhval-ruhiyyənin aşağı düşməsinə qarşı 5 məşq tövsiyə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Payız aylarında günəş işığının azalması və fiziki aktivliyin aşağı düşməsi bir çox insanda yuxululuq, halsızlıq və əhval-ruhiyyənin pisləşməsinə səbəb ola bilər.

Editor.az xəbər verir ki, fitness məşqçisi və fiziki mədəniyyət və idman üzrə mütəxəssis Nadejda Fridman belə halların qarşısını almaq üçün bir neçə sadə məşq tövsiyə edib.

Mütəxəssisin sözlərinə görə, məşqlərə düzgün nəfəsalma ilə başlamaq vacibdir. Sakit nəfəs alma və daha uzun nəfəsvermə parasimpatik sinir sisteminin fəaliyyətini dəstəkləyir. Bu nəfəs ritmini bütün məşqlər boyunca qorumaq tövsiyə olunur. Məşqlər üçün gündə 10–15 dəqiqə kifayətdir.

1. Yüngül irəli əyilmələr

Ayaqları çanaq enində aralayın, dizləri bir qədər bükün. Çənəni sinəyə yaxınlaşdıraraq boyun, döş qəfəsi və bel nahiyəsini tədricən aşağı doğru əyin. Bir neçə saniyə bu vəziyyətdə qaldıqdan sonra yavaş şəkildə başlanğıc vəziyyətinə qayıdın.

Hərəkəti 5–6 dəfə təkrarlamaq məsləhətdir. Bu məşq onurğanın hərəkətliliyini artırmağa, boyun və çiyinlərdəki gərginliyi azaltmağa kömək edə bilər.

2. Qulaq seyvanlarının masajı

Əlləri bir-birinə sürtərək isidin. Daha sonra qulaqları yuxarıdan aşağıya doğru yüngül şəkildə ovuşdurun, qulaq məmələrini masaj edin və qulaqları ehtiyatla yanlara doğru dartın.

Məşqi təxminən 1 dəqiqə yerinə yetirmək kifayətdir. Mütəxəssis hesab edir ki, bu hərəkət diqqəti yorucu düşüncələrdən yayındıraraq bədənə yönəltməyə və daha tez ayılmağa kömək edə bilər.

3. Döş qəfəsinin açılması

Bir ayağı barmaqlar üzərində geriyə atın. Eyni zamanda qolları arxaya apararaq ovucları açın və döş qəfəsini irəli doğru uzadın.

Nəfəs alarkən qabırğaları genişləndirin, nəfəs verərkən isə başlanğıc vəziyyətinə qayıdın. Hərəkəti hər tərəf üçün 5–6 dəfə təkrarlamaq tövsiyə olunur.

4. Bədəni yüngül silkələmək

Ayaqları çanaq enindən bir qədər geniş qoyun və dizləri sərbəst saxlayın. Ayaqlarda yüngül yaylanma hərəkətləri edərək titrəyişin bütün bədənə yayılmasına imkan verin.

Nəfəsi sərbəst alın və bir neçə hərəkətdən sonra ağızdan uzun nəfəs verin. Məşqi 1–2 dəqiqə davam etdirmək olar.

Bu hərəkət çənə, çiyin, qarın və omba nahiyəsində yığılan gərginliyin azalmasına kömək edə bilər.

5. Stuldan qalxıb-oturmaq

Möhkəm stulun kənarında oturun və ayaqları çanaq enində, paralel vəziyyətdə saxlayın. Bədəni bir qədər önə əyin və nəfəs verərkən ayağa qalxın. Nəfəs alarkən isə yavaş şəkildə yenidən oturun.

Məşqi 10–15 dəfə təkrarlamaq məsləhətdir. Ayaq və omba əzələlərinin aktivləşməsi qan dövranını yaxşılaşdırmağa və yuxululuq hissini azaltmağa kömək edə bilər.

Məşqləri tamamladıqdan sonra əlləri qabırğaların aşağı hissəsinə qoyaraq burundan 5 dəfə sakit nəfəs almaq, daha sonra ağızdan daha uzun nəfəs vermək tövsiyə olunur.

Mütəxəssis bildirir ki, hər hansı ağrı, başgicəllənmə və ya səhhətin pisləşməsi müşahidə olunarsa, məşqi dərhal dayandırmaq lazımdır. Uzunmüddətli halsızlıq və davamlı əhval-ruhiyyə düşkünlüyü müşahidə edildikdə isə həkimə müraciət etmək vacibdir.

//Gülnarə Abasova, Editor.az