Rusiyanın Kamçatka yarımadasında hərbi raket sınaqları başlayıb.
Yerli Fövqəladə Hallar Nazirliyi hadisə ilə bağlı sakinləri məlumatlandırıb. Bəyanatda deyilir: “Rusiya Müdafiə Nazirliyi bölgə sakinlərini 6-10 may tarixləri arasında Ust-Kamçatski bələdiyyə rayonundakı “Kura” sınaq poliqonunda keçirilən sınaqlar barədə xəbərdar edir. Sakinlərə bu müddət ərzində sınaq poliqonuna və ətraf ərazilərə baş çəkməkdən çəkinmək tövsiyə olunur”.
Yerli medianın məlumatına görə, “Kura” Rusiya Aerokosmik Qüvvələrinin sınaq poliqonudur və Petropavlovsk-Kamçatskidən təxminən 500 kilometr şimalda yerləşir. Onun əsas məqsədi “sınaq və təlim buraxılışlarından sonra qitələrarası ballistik raketlərin döyüş başlıqlarını qəbul etməkdir”. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, təlimlərə canlı buraxılışlar və xəbərdarlıq və rabitə sistemlərinin sınaqdan keçirilməsi daxil olacaq.
Qeyd edək ki, poliqon Rusiya tərəfindən nüvə başlıqları daşıya bilən raketlərlə təlimlər üçün istifadə olunur.
//Samir Qurbanov, Editor.az

