Müasir geosiyasi proseslər fonunda Yaxın Şərqdə, xüsusilə Körfəz regionunda artan gərginlik beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Bununla yanaşı, bir müddət diqqətin ikinci plana keçdiyi Rusiya-Ukrayna müharibəsi yenidən intensiv fazaya daxil olur. Qlobal güclərin siyasi və hərbi prioritetlərini yenidən müəyyənləşdirməsi münaqişənin dinamikasına birbaşa təsir göstərir. Mövcud şəraitdə tərəflər arasında qarşıdurmanın yaxın perspektivdə dayanacağı gözlənilmir və proseslərin gələcək istiqaməti beynəlxalq münasibətlər sistemində formalaşacaq yeni balansdan asılı olacaq.
Politoloq Azər Qasımov Editor.az-a açıqlamasında bildirib ki, arxa plana keçdiyi təəssüratı yaransa da, Rusiya-Ukrayna müharibəsi əvvəlki intensivliyi ilə davam edir:
“Körfəz bölgəsində baş verən hadisələr beynəlxalq diqqəti müəyyən qədər başqa istiqamətə yönəltsə də, Rusiya-Ukrayna müharibəsində proseslərin aktiv şəkildə davam etdiyi görünür. Xüsusilə Ukraynanın Rusiyanın dərinliklərinə endirdiyi zərbələr və bunun nəticəsində enerji infrastrukturu ilə hərbi müəssisələrin ciddi itkilərə məruz qalması göstərir ki, Kiyev artıq müharibənin gedişinə təsir edə bilən mühüm faktor kimi çıxış edir.
ABŞ prezidenti Donald Tramp Ukraynanın məğlub durumda olduğunu və ərazi itkiləri verdiyini bildirsə də, tərəflərin əldə etdiyi nəticələrin mahiyyəti fərqlidir. Ukrayna özünü məğlub hesab etmir və müharibənin gedişində müqavimət imkanlarını qoruyub saxladığını nümayiş etdirir. Hətta vəziyyət o həddə çatıb ki, dron hücumları səbəbindən Rusiyanın bir sıra hava limanlarının fəaliyyəti məhdudlaşdırılıb.
“9 May” qələbə paradının keçirilməsi ilə bağlı təhlükəsizlik risklərinin artdığı da müşahidə olunur. Hərbi texnikanın məhdud iştirakı fonunda paradın əvvəlki siyasi və simvolik çəkisinin zəiflədiyi hiss edilir. Dron təhlükəsi səbəbindən genişmiqyaslı hərbi keçidin təşkili də sual altındadır.
Bütün bunlar göstərir ki, müharibə artıq yeni mərhələyə daxil olub və bu mərhələdə Ukraynanın təşəbbüskar tərəf kimi çıxış etdiyi görünür. Hesab edirəm ki, yaxın dövrdə müharibənin tam şəkildə başa çatması ehtimalı zəifdir. Bununla belə, Ukraynanın mövqeləri gücləndikcə Rusiyada daha rasional və sağlam siyasi yanaşmaların formalaşması mümkündür ki, bu da gələcəkdə müharibənin dayandırılması üçün zəmin yarada bilər. Lakin bunun üçün müəyyən zaman tələb olunur”.
//Gülnarə Abasova, Editor.az

