Türkiyədə yeni ailə quran bir cütlüyün yaşadığı hadisə sosial mediada geniş müzakirələrə səbəb olub. Gənc gəlinin əməliyyat olunacağını öyrənən qayınananın ona göndərdiyi mesajlar istifadəçilərin sərt reaksiyası ilə qarşılanıb.
Musavat.com bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Paylaşılan “WhatsApp” yazışmalarında qayınana gəlindən əməliyyatla bağlı məlumat aldıqdan sonra, “Madəm xəstəsən, niyə evləndiniz?”, “Əməliyyatdan sonra evlənərdiniz” kimi ifadələr işlədib.
Gəlin isə qayınananın sözlərinə etiraz edərək, xəstəliyin hər qadında ola biləcəyini və bunun evliliklə əlaqəsinin olmadığını bildirib.
Sosial mediada yayılan ekran görüntüləri qısa müddətdə minlərlə paylaşım və şərh toplayıb. İstifadəçilərin əksəriyyəti qayınananın yanaşmasını tənqid edib. Bir çoxları “Bir qadın başqa qadına bunu deməməlidir”, “Ən həssas anda dəstək olmaq əvəzinə incitmək düzgün deyil” kimi rəylər yazıblar.
Bəzi istifadəçilər isə ailə məsələlərinin sosial mediaya çıxarılmasını doğru hesab etmədiklərini bildiriblər.


