Rusiyada miqrasiya siyasəti yenidən sərtləşdirilir. Bu həftə Rusiya Dövlət Dumasında ölkədən deportasiya ilə nəticələnə biləcək inzibati pozuntuların siyahısını genişləndirən qanun layihələri paketi müzakirə olunacaq. Yeni siyahıya cins, irq, milliyyət və dinə görə ayrı-seçkilik, eləcə də dövlət sərhədinin mühafizəsi zamanı hərbçilərin qanuni tələblərinə tabe olmamaq kimi hallar da daxil ediləcək. Bununla yanaşı, əmək miqrasiyasının tənzimlənməsini nəzərdə tutan yeni qanun layihələrinin də qəbul edilməsi planlaşdırılır.
Rusiyada yüz minlərlə azərbaycanlının yaşayıb işlədiyi nəzərə alınarsa, bu dəyişikliklər Azərbaycan vətəndaşları üçün də xüsusi əhəmiyyət daşıyır.
Qeyd edək ki, bu, Rusiyanın miqrasiya siyasətində ilk sərtləşdirmə deyil. Son iki ildə, xüsusilə də 2024-cü ilin martında Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert zalında baş vermiş terror aktından sonra ölkədə əcnəbilərlə bağlı nəzarət tədbirləri əhəmiyyətli dərəcədə gücləndirilib. Ötən il qəbul edilən qanun dəyişiklikləri ilə miqrasiya qaydalarını pozan əcnəbilərin deportasiya proseduru sadələşdirilib, hüquq-mühafizə orqanlarının səlahiyyətləri genişləndirilib. Eyni zamanda Rusiyada qanuni əsas olmadan yaşayan əcnəbilər üçün xüsusi nəzarət reyestri yaradılıb. Bu reyestrə daxil edilən şəxslərin bank xidmətlərindən istifadə etməsi, əmlak alqı-satqısı həyata keçirməsi və bir sıra digər hüquqları məhdudlaşdırılıb.

Bununla yanaşı, 2025-ci ilin fevralından etibarən müvəqqəti yaşayan əcnəbilərin miqrasiya qeydiyyatı ilə bağlı qaydalar da sərtləşdirilib. Bir sıra regionlarda miqrantların taksi, ticarət, ictimai iaşə və digər sahələrdə işləməsinə məhdudiyyətlər tətbiq olunub. Rus dili biliyinə dair tələblər də gücləndirilib, miqrant uşaqlarının dövlət məktəblərinə qəbulunda dil imtahanı tətbiq edilməyə başlanıb.
Hazırda Dövlət Dumasında müzakirə olunan yeni qanun layihələri isə bu siyasətin növbəti mərhələsi hesab olunur. Təkliflər qəbul edilərsə, deportasiya ilə nəticələnə biləcək inzibati pozuntuların sayı 22-dən 45-ə çatdırılacaq və Rusiyada yaşayan əcnəbilər, o cümlədən yüz minlərlə azərbaycanlı miqrant üçün tələblər daha da sərtləşəcək.
Bəs yeni qaydalar Rusiyada yaşayan və işləyən azərbaycanlı miqrantların hüquqi vəziyyətinə necə təsir göstərə bilər? Deportasiya əsaslarının artırılması Azərbaycan vətəndaşlarının ölkədən çıxarılması riskini yüksəldəcəkmi? Yeni tələblər əmək fəaliyyəti, yaşayış icazəsi və gündəlik həyat baxımından hansı çətinliklər yarada bilər? Azərbaycanlı miqrantlar bu dəyişikliklər fonunda nələrə diqqət etməlidirlər?

Vəkil Ramil Süleymanov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:
“Miqrasiya sahəsində qanunvericilik aktlarının qəbul edilməsi dövlətlərin müstəsna daxili səlahiyyətinə aid olduğundan digər dövlətlərin və ya beynəlxalq təşkilatların bu prosesə müdaxiləsi, hər hansı formada qınaq və ya tələb irəli sürməsi yolverilməzdir. Rusiya Federasiyasının zaman-zaman miqrantlarla bağlı qaydaları sərtləşdirməsi və yeni məhdudiyyətlər tətbiq etməsi müəyyən daxili səbəblərlə bağlıdır. Burada əsas amillərdən biri miqrant axınının yerli əmək bazarında rəqabəti artırmasıdır. Bu durum Rusiyanın daxili iqtisadi vəziyyətinə mənfi təsir göstərir, yerli vətəndaşların məşğulluq imkanlarını məhdudlaşdırır. Digər tərəfdən, Rusiya iqtisadi böhranın fəsadlarından öz vətəndaşlarını qorumaq və iqtisadiyyatın daha da pisləşməsinin qarşısını almaq üçün bu addımları atır. Məhz bu səbəbdən ölkəyə kənardan gələn əmək miqrantlarının sayı maksimum dərəcədə məhdudlaşdırılır. Eyni zamanda dövlətlər inzibati qayda pozuntularına görə cərimələr tətbiq etməklə dövlət büdcəsinə əlavə vəsait cəlb etmək məqsədi də güdürlər. Qaydaların sərtləşdirilməsi çərçivəsində, miqrantların deportasiya olunmaması üçün əlavə maliyyə cərimələrinin tətbiqi də nəzərdə tutulur və bununla bağlı Rusiyanın inzibati qanunvericiliyinə müvafiq əlavələr ediləcəkdir”.
Vəkil qeyd edib ki, azərbaycanlı miqrantlar olduqları şəhər və ya vilayətlərin miqrasiya orqanlarında sənədləşmə işlərinə ciddi yanaşmalı, sənədləri vaxtında təqdim etməli və prosessual müddətlərə riayət edərək yenidən qeydiyyatdan keçməlidirlər:
“İnzibati qayda pozuntularına yol verməmək olduqca vacibdir, çünki qanunvericiliyə görə inzibati tənbeh tədbirinə məruz qalan şəxslərin ölkədən çıxarılması (deportasiya edilməsi) nəzərdə tutulur. Ən vacibi, miqrantlar yerli qanunvericiliyə hörmətlə yanaşmaqla bərabər, həmin ölkənin dövlət dilini də lazımi səviyyədə bilməli və ondan istifadə etməlidirlər”.

