Rusiyanın Novqorod Dövlət Universitetinin (NovDU) alimləri ilk dəfə olaraq mikoplastikin heyvanların mədəsində toplana bildiyini sübut ediblər.
Editor.az xəbər verir ki, tədqiqatın nəticələri ətraf mühitin plastiklə çirklənməsinin canlı orqanizmlərə təsiri ilə bağlı yeni elmi faktlar ortaya qoyub.
Araşdırmaya görə, mikoplastik hissəcikləri orqanizmə qida, içməli su və hətta hava vasitəsilə daxil ola bilir. Alimlər bu hissəciklərin orqanizmdə necə paylandığını müəyyən etmək üçün dovşanlar üzərində eksperiment aparıblar. Səkkiz gün ərzində heyvanlara müxtəlif konsentrasiyalarda mikoplastik qarışdırılmış su verilib.
Tədqiqat zamanı infraqırmızı mikroskopiya və Raman spektroskopiyası kimi müasir analiz üsullarından istifadə olunub. Nəticələr göstərib ki, mikoplastik hissəcikləri dovşanların mədəsində aşkarlansa da, yoğun və nazik bağırsaq, qaraciyər, böyrəklər, yumurtalıqlar və uşaqlıqda onların izinə rast gəlinməyib. Bu isə mikoplastikin müəyyən müddət ərzində mədədə toplana biləcəyini göstərir. Alimlər yaxın gələcəkdə beyin, ürək, ağciyər və digər orqanlar üzərində də oxşar araşdırmalar aparmağı planlaşdırırlar.
Paralel olaraq, tədqiqatçılar zebradanio balıqları üzərində də eksperiment keçiriblər. Balıqlar 30 gün ərzində müxtəlif konsentrasiyalarda mikoplastik olan suda saxlanılıb. Flüoresan vizuallaşdırma və spektroflüorimetriya üsulları sayəsində mikoplastik hissəciklərinin həzm sistemi, qaraciyər, cinsiyyət vəziləri, beyin, gözlər və qəlsəmələrdə toplana bildiyi müəyyən edilib.
Alimlər vurğulayırlar ki, əldə olunan nəticələr hələlik ilkin xarakter daşıyır. Növbəti mərhələdə mikoplastikin orqanizmdən xaric olunma mexanizmi modelləşdiriləcək və onun canlıların sağlamlığına uzunmüddətli təsirləri daha ətraflı araşdırılacaq.
//Gülnarə Abasova, Editor.az

