Çin Xalq Respublikası Arktikada qlobal iqlim dəyişikliklərinin təsirlərini öyrənmək məqsədilə növbəti elmi ekspedisiyasına start verib.
Editor.az xəbər verir ki, Çinin Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi ekspedisiya ölkənin Dalian limanından yola düşüb. Missiyada “Xuelong”, “Xuelong-2”, “Jidi” və “Tansuo-3” adlı dörd elmi-tədqiqat gəmisi iştirak edir. Bu, Çinin Arktikaya göndərdiyi sayca 16-cı elmi ekspedisiyadır və missiyanın oktyabr ayının əvvəlində başa çatdırılması planlaşdırılır.
Ekspedisiyanın əsas məqsədi qlobal istiləşmənin Arktika regionunda yaratdığı dəyişiklikləri daha dərindən araşdırmaq, xüsusilə də buzlaqların ərimə prosesini və onun ekosistemə təsirlərini öyrənməkdir. Çinli alimlər iqlim dəyişikliklərinin sürətləndirdiyi buz örtüyünün azalmasını və bunun regionun gələcəyinə mümkün təsirlərini təhlil edəcəklər.
Mütəxəssislər hesab edirlər ki, Arktikada baş verən dəyişikliklərin öyrənilməsi qlobal iqlim proseslərinin daha dəqiq qiymətləndirilməsinə, həmçinin gələcək ekoloji risklərin proqnozlaşdırılmasına mühüm töhfə verəcək.
Qeyd edək ki, bu günlərdə Edinburq Universitetinin alimləri də Arktikada dəniz buzlaqlarının əriməsinin okeanın bioloji məhsuldarlığını artırmadığını, əksinə, su hövzəsində əsas qida maddələrindən biri olan nitratların azalmasına səbəb olduğunu müəyyən ediblər. Bu nəticələr iqlim dəyişikliyinin Arktika ekosisteminə təsirlərinin gözləniləndən daha mürəkkəb olduğunu göstərir.
//Gülnarə Abasova, Editor.az

