ABŞ və İsrailin hücumları nəticəsində həlak olan İranın ali dini lideri Əli Xamaneinin Tehranda keçirilən vida mərasimində diqqətçəkən məqamlardan biri Səudiyyə Ərəbistanı nümayəndə heyətinin qarşılanması olub.
Editor.az musavat.com-a istinadən bildirir ki, mərasimdə müxtəlif ölkələrdən rəsmi nümayəndə heyətləri iştirak edib. Səudiyyə Ərəbistanını isə xarici işlər nazirinin müavini Vəlid bin Xaricinin rəhbərlik etdiyi 6 nəfərlik nümayəndə heyəti təmsil edib.
Sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan məqamlardan biri Səudiyyə nümayəndə heyəti mərasim zalına daxil olarkən Qurani-Kərimdən “Ali-İmran” surəsinin 13-cü ayəsinin tilavət edilməsi olub. Sosial media istifadəçilərinin bir qismi bunun təsadüfi olmadığını, məhz Səudiyyə nümayəndələrinin gəlişi ilə əlaqədar həmin ayənin seçildiyini iddia edib.
Həmin ayədə Allah-Təala Bədr döyüşündə üz-üzə gələn möminlərdən ibarət ordu ilə kafirlərdən ibarət ordunun müqayisəsini təqdim edir.
Paylaşımlarda daha bir məqama da diqqət çəkilir. Bildirilir ki, Əfqanıstan nümayəndə heyəti zala daxil olarkən “Fəth” surəsinin 1-3-cü ayələri, Pakistan nümayəndə heyəti üçün isə “İsra” surəsinin 80-ci ayəsi oxunub.
Qeyd edək ki, mərasim zamanı oxunan ayələrin nümayəndə heyətlərinə xüsusi mesaj vermək məqsədi daşıdığı barədə rəsmi təsdiq yoxdur. Bu iddialar əsasən sosial şəbəkələrdə yayılan şərhlərə əsaslanır.

