Müşfiq Cəfərov: “Azərbaycan Ordusu xalqımızın qürur mənbəyi və dövlətimizin təhlükəsizliyinin əsas təminatçısıdır”backend

Müşfiq Cəfərov: “Azərbaycan Ordusu xalqımızın qürur mənbəyi və dövlətimizin təhlükəsizliyinin əsas təminatçısıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycan xalqı Silahlı Qüvvələr Gününü böyük qürur hissi ilə qeyd edir. Ölkənin müstəqilliyinin, ərazi bütövlüyünün və suverenliyinin qorunmasında mühüm rol oynayan Azərbaycan Ordusu ötən illər ərzində şərəfli inkişaf yolu keçərək regionun ən güclü hərbi qüvvələrindən birinə çevrilib. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər isə Ordumuzun peşəkarlığını, döyüş qabiliyyətini və xalqla dövlət birliyini bütün dünyaya nümayiş etdirib.

Milli Məclisin deputatı Müşfiq Cəfərov Editor.az-a açıqlamasında bildirib ki, müstəqil dövlətimizin və xalqımızın təhlükəsizliyinin təmin olunmasında Azərbaycan Ordusunun rolu əvəzsizdir:

“Bu gün xalqımız güclü və rəşadətli ordusu, qəhrəman əsgər və zabitləri ilə qürur duyur. 26 İyun – Silahlı Qüvvələr Günü hər il böyük sevinc, yüksək vətənpərvərlik ruhu və fərəh hissi ilə qeyd olunur. Bu əlamətdar gün həm də xalqımızın gücünün, həmrəyliyinin və yenilməz iradəsinin rəmzinə çevrilib.

Milli Ordumuzun formalaşması şanlı və zəngin tarixə əsaslanır. Bu tarix xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin canlı salnaməsidir. Azərbaycan Ordusunun bünövrəsi 1918-ci il iyunun 26-da qoyulub. Həmin gün ölkəmizdə ilk müntəzəm hərbi birləşmə olan Əlahiddə Azərbaycan Korpusunun yaradılması ilə tarixə düşüb. Elə həmin ilin avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olunub.

Bu gün Azərbaycan Ordusu işğaldan azad edilmiş ərazilərdə sülhün və sabitliyin keşikçisi olmaqla yanaşı, ölkəmizin suverenliyinin və müstəqilliyinin müdafiəçisidir. Qalib Azərbaycan xalqı və Müzəffər Ordusu bir daha sübut etdi ki, yalnız güclü orduya sahib olan xalq öz gələcəyini etibarlı şəkildə təmin edə bilər. Azərbaycan Ordusunun Vətən müharibəsində tətbiq etdiyi çevik və effektiv hərbi taktika Qərb ölkələrinin və ABŞ-ın aparıcı hərbi mərkəzləri tərəfindən də yüksək qiymətləndirilib.

Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin və milli təhlükəsizliyinin əlamətdar tarixi günlərindən biri olan 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qəhrəmanlıq salnaməsini, ordumuzun şərəfli inkişaf yolunu və Vətən uğrunda canından keçmiş igid oğul və qızlarımızın əziz xatirəsini yaşadır”.

//Gülnarə Abasova, Editor.az