“Fənərbağça” idman klubunun rəhbəri Sadettin Saranın rəhbərlik etdiyi media qrupunun matç yayımları zamanı qeyri-qanuni mərc oyunlarının reklamına şərait yaratması iddiaları ilə bağlı hazırlanan ittiham aktı üzrə məhkəmə prosesi yekunlaşıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb. Bildirilib ki, Sadettin Saran, onun qardaşı Alan Kenan Saran və daha iki nəfərin mühakimə olunduğu, 3 ilə qədər həbsin istənildiyi iş üzrə qərar elan edilib. Məhkəmənin çıxardığı qərara əsasən, təqsirləndirilən Sadettin Saran və qardaşı Alan Kenan Saran “şəxsləri reklam vasitəsilə və ya digər yollarla qeyri-qanuni mərc oyunlarına cəlb etmək” maddəsi ilə hər biri 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Eyni zamanda onların hər birinə 562 500 lirə (20 800 manat) məbləğində məhkəmə cəriməsi kəsilib. İş üzrə digər təqsirləndirilən şəxslər – Emre Eren və Azade Zeynep Haksal isə eyni ittiham üzrə bəraət alıblar.


