Meksikanın paytaxtı Mexikoda Ölülər Günü ərəfəsində qeyri-adi rekord qeydə alınıb. Şəhərin mərkəzində ucaldılan nəhəng qadın skeleti heykəli Ginnesin Rekordlar Kitabına düşərək dünyanın ən hündür Catrina fiquru adını qazanıb.
Editor.az Euronews-a istinadən xəbər verir ki, Mexiko şəhərinin Zócalo meydanında quraşdırılan heykəlin hündürlüyü 33,4 metrdir. Bu göstərici 2023-cü ildə Puerto Vallartada qeydə alınan 28,15 metrlik əvvəlki rekordu geridə qoyub.
Təxminən 11 mərtəbəli bina hündürlüyündə olan nəhəng fiqurun hazırlanmasında Taller Xibalbá kollektivindən 140-a yaxın rəssam və texniki mütəxəssis iştirak edib. Heykəlin üzərində 27 metrdən uzun bənövşəyi libas da diqqət çəkir.
Paytaxtın tarixi meydanında, Metropolitan Katedralinin qarşısında yerləşdirilən Catrina fiquru minlərlə insanın marağına səbəb olub. Ziyarətçilər nəhəng heykəlin qarşısında şəkillər çəkdirərək bu qeyri-adi mənzərəni lentə alıblar.
Nəhəng Catrina fiqurunun ətrafı təxminən 70 min ədəd məxmər gülü ilə bəzədilib. Xochimilco bölgəsində yetişdirilən bu güllər Ölülər Günü ənənəsində xüsusi məna daşıyır. İnanclara görə, onların rəngi və ətri dünyasını dəyişən insanların ruhlarına evə qayıtmaqda yol göstərir.
Qurğu 1913-cü ildə skelet qadın obrazını təsvir edən illüstrasiya yaradan meksikalı rəssam Xose Qvadalupe Posadaya ehtiram əlaməti olaraq hazırlanıb. Onun yaratdığı La Catrina obrazı zamanla Meksikada Ölülər Gününün ən məşhur simvollarından birinə çevrilib.
Sərgidə rəngli yonqar kompozisiyaları, eləcə də Meksikanın ənənəvi fantastik xalq sənətindən ilhamlanan aksolotllar və alebrixe fiqurları da nümayiş etdirilir.
Qeyd edək ki, Meksikada Ölülər Günü hər il noyabrın 1-2-də qeyd olunur. Bu günlərdə insanlar vəfat etmiş yaxınlarını fotolar, yeməklər, güllər və xatirə hədiyyələri ilə yad edirlər.
Rekord qıran nəhəng Catrina heykəlini və ətrafındakı möhtəşəm kompozisiyanı noyabrın 2-dək görmək mümkün olacaq.
\\ Aydan Bünyatova, Editor.az

