Rusiyalı teleaparıcı və Kremlin əsas təbliğatçılarından biri Vladimir Solovyov Ukraynanın Rusiyanın enerji infrastrukturuna zərbələr endirəcəyinə hazırlaşmağa çağırıb. O, həmçinin Kursk və Bryansk vilayətlərinin sərhədyanı ərazilərində yaşayan əhalinin ölkənin daxili bölgələrinə, o cümlədən Uzaq Şərqə köçürülməsini təklif edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Solovyov bu fikirləri “Rossiya 1” telekanalında yayımlanan “Bazar axşamı” proqramının efirində səsləndirib.
Proqramın əvvəlindəki monoloqunda Ukraynadakı müharibənin xarakterinin dəyişdiyini bildirən Solovyov iddia edib ki, Ukrayna neft-qaz kompleksi və nəqliyyat infrastrukturuna zərbələrlə kifayətlənməyəcək.
Solovyovun sözlərinə görə, Rusiya “preventiv tədbirlər” görməlidir və bunların ən effektivlərindən biri “düşməni mümkün qədər uzağa sıxışdırmaqdır”. Bundan sonra teleaparıcı Rusiyanın ilhaq etdiyi Zaporojye vilayətinin Enerqodar şəhərində və ümumilikdə döyüş təmas xətti boyunca “son dərəcə ağır vəziyyətin” yarandığını bildirib. Onun sözlərinə görə, “ölüm zonası”nın (“kill zone”) artıq 40 kilometrə çatması səbəbindən mülki əhalinin bu ərazilərdə yaşaması mümkün deyil.
Solovyovun hesablamasına görə, söhbət Rusiyanın Kursk və Bryansk vilayətlərində, eləcə də Ukraynanın Rusiya tərəfindən işğal edilmiş Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində yaşayan 200-400 min nəfərdən gedir.
“Onlar faktiki olaraq cəbhə xəttində yaşayırlar. İnsanları oradan götürüb yeni yerdə normal yaşamaq imkanı verməyə nə mane olur? ‘Uzaq Şərq hektarı’, Ural, Volqaboyu… Onları bütün ölkə üzrə yerləşdirmək olar. Axı biz öz adamlarımızı atmırıq. Cəbhə xətti uzaqlaşanda hər şeyi bərpa edərik, insanlar da öz yerlərinə qayıdarlar”, – deyə Solovyov təklif edib.
Onun sözlərinə görə, bunun əvəzinə Rusiya “işçi qüvvəsindən imtina edir” və insanların son dərəcə ağır şəraitdə necə yaşadığını seyr edir. Solovyov hesab edir ki, sərhədyanı ərazilərin sakinlərinin köçürülməsi üçün xüsusi dövlət proqramı hazırlanmalıdır. “Üstəlik, hazırda nə qədər yeni tikilmiş mənzilimiz var ki, təəssüf ki, müxtəlif səbəblərdən… Dövlətin həmin mənzilləri alıb insanlara verməsinə nə mane olur? İnsanlar da orada işləyərlər”, – deyə o bildirib.
Məlumata görə, Rusiya-Ukrayna müharibəsinin qarşıdakı mərhələsi 1980-ci illərdə İran-İraq müharibəsi zamanı yaşanan “şəhərlər müharibəsi”nə bənzəyə bilər. Bu barədə Moskvadakı hərbi mənbə “The Nyu Yorker” nəşrinə bildirib. “Şəhərlər müharibəsi” termini 1980-1988-ci illər İran-İraq müharibəsində cəbhədə vəziyyət dalana dirəndikdən sonra hər iki tərəfin bir-birinin şəhərlərinə endirdiyi genişmiqyaslı və ayrı-seçkisiz hava zərbələri silsiləsinə verilən addır. Rusiyanın genişmiqyaslı işğalının başlanmasından dörd il sonra Ukrayna üçün belə bir perspektiv artıq yeni deyil. Nəşrin Moskvadakı hərbi mənbəsi vəziyyəti belə ifadə edib: “Onlar buna öyrəşiblər. Biz isə bununla ilk dəfə qarşılaşırıq”.

