Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə TƏBİB-in tabeliyində çalışan 72 212 nəfər tibb işçisinin əməkhaqqı fondunun illik 189 milyon manat artırılması səhiyyə sahəsində çalışanların sosial rifahının yaxşılaşdırılması baxımından mühüm addım kimi qiymətləndirilir. Bu qərar tibb işçilərinin əməyinin stimullaşdırılması, onların sosial təminatının gücləndirilməsi və səhiyyə sistemində kadr potensialının qorunmasına mühüm töhfə verə bilər.
72 mindən çox tibb işçisini əhatə edən və əməkhaqqı fondunun illik 189 milyon manat artırılmasını nəzərdə tutan bu sosial təşəbbüs səhiyyə çalışanlarının maddi rifahına mühüm dəstəkdir.
Milli Məclisin deputatı Müşfiq Cəfərov Editor.az-a açıqlamasında bildirib ki, sosial müdafiənin gücləndirilməsi, əhalinin sağlamlığının qorunması, səhiyyə sisteminin inkişafı və tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması Azərbaycan dövlətinin hər zaman əsas prioritetləri sırasında olub:
“Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması təşəbbüsü də məhz bu məqsədlərə xidmət edən mühüm addımlardan biridir. Birinci vitse-prezidentin bu təşəbbüsünü Prezident İlham Əliyev də müsbət qarşılayaraq onun icrası ilə bağlı müvafiq tapşırıq verib və tibb işçilərinin maaşlarını artırılıb.
Yeni əməkhaqqı qaydaları 2026-cı il sentyabrın 1-dən tətbiq olunacaq. Bu artımlardan TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 212 tibb işçisi yararlanacaq. Düşünürəmki, bu təşəbbüs regionlarda kadr çatışmazlığının da qarşısını alacaqdır. Çünki qərarda regionlarda kadr çatışmazlığı olan ixtisaslar üzrə xüsusi stimullaşdırıcı əlavələr və müəyyən xidmətlər üzrə işin nəticələrinə görə əlavə ödənişlərə 1,3 əmsalı tətbiq olunacaq. Yaradılan əlverişli maliyyə və iş şəraiti, eyni zamanda, xaricdə fəaliyyət göstərən yüksəkixtisaslı azərbaycanlı mütəxəssislərin yenidən ölkə səhiyyəsinə cəlb olunmasına və dövlət tibb müəssisələrində çalışmalarına güclü təkan verəcək.
Bir sözlə Mehriban Əliyevanın sosial təşəbbüsü təkcə minlərlə tibb işçisinin əməkhaqqının artırılması ilə məhdudlaşmır. Bu addım səhiyyə sistemində insan kapitalının gücləndirilməsi, sosial ədalətin təmin olunması, tibb işçilərinin peşə nüfuzunun artırılması və bütövlükdə daha güclü səhiyyə sisteminin formalaşdırılması istiqamətində mühüm mərhələdir”.
//Gülnarə Abasova, Editor.az

