Rusiya, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərindən (Şahin Mustafayev Aleksey Overçuk və Mger Qriqoryan) ibarət üçtərəfli işçi qrupun fəaliyyəti faktiki dayandırılıb. Rusiya prezidenti Bişkek səfərinin yekunları ilə bağlı mətbuat konfransında Ermənistanın baş naziri ilə görüşü haqda danışarkən deyib ki, regionda nəqliyyat-kommunikasiya xətlərinin bərpası ilə bağlı da müzakirələrə hazırdırlar. Bu isə üçtərəfli işçi qrupunun fəaliyyətinin yenidən bərpa edilməsinin mümkünlüyünü gündəmə gətirib.
Yada salaq ki, üçtərəfli işçi qrup 2020-ci il 10 noyabr razılaşmasından sonra, 2021-ci ilin yanvarında fəaliyyətə başlayıb. Qrupun əsas vəzifəsi Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması, regionda yolların, dəmir yolu əlaqələrinin və digər nəqliyyat xətlərinin bərpası ilə bağlı konkret mexanizmlər hazırlamaq idi. Qrupun fəaliyyəti ilk illərdə kifayət qədər intensiv olub. 2022-ci ilin dekabrında onun artıq 11-ci iclası keçirilmişdi. Sonuncu iclas 2 iyun 2023-cü ildə Moskvada keçirilib. Bundan sonra qrup faktiki olaraq fəaliyyət göstərməyib. Lakin format rəsmi şəkildə ləğv olunmayıb. 2025-ci ilin martında Aleksey Overçuk da bildirib ki, işçi qrup mövcuddur və Azərbaycanla Ermənistan müvafiq müraciət etsələr, Rusiya onun fəaliyyətini bərpa etməyə hazırdır.

Görünür, indi Moskva Cənubi Qafqazdakı nəqliyyat kommunikasiyalarının açılması prosesindən kənarda qalmaq istəmir. Çünki yeni marşrutların işə düşməsi təkcə iqtisadi məsələ deyil, həm də regiondakı geosiyasi təsir məsələsidir. Rusiya üçün üçtərəfli işçi qrupun bərpası o deməkdir ki, Moskva yenidən Azərbaycan-Ermənistan arasında nəqliyyat məsələlərinin müzakirə olunduğu masaya qayıdır və özünü bu prosesin əsas vasitəçilərindən biri kimi təqdim edə bilir.
Siyasi şərhçi Aydın Quliyev Musavat.com-a bildirib ki, üçtərəfəli işçi qrupu Azərbaycanla Ermənistanın arasındakı məsələlərin həllində Rusiyanın iştirakına imkan verə bilən yeganə formatdır: “Qalan bütün məsələlərin müzakirəsindən Rusiya demək olar ki, kənardadır. Azərbaycan-Ermənistan sülh müqaviləsinin hazırlanması prosesi, bu sazişin layihəsinin paraflanması, sərhədlərin delimitasiyası kimi mövzuların müzakirəsində Rusiya faktiki olaraq iştirak eləmir. Rusiyanın bu bölgədə Azərbaycanla Ermənistanın arasında müharibədə sonra qalmış məsələlərin müzakirəsinə yenidən qayıda biləcəyi mövzu kommunikasiyalar üzrə işçi qrupunun fəaliyyətinin bərpa olunmasıdır. Üçtərəfli işçi qrupun fəaliyyəti Ermənistanın davranışları nəticəsində dayanıb. Çünki Azərbaycan praktiki şəkildə həmin işçi qrupun fəaliyyətinə qarşı getməyib. Çünki Azərbaycan kommunikasiyaların açılmasının tərəfdarı kimi mövqeyini daim ortaya qoyub. Bu gün də həmin mövqedədir. Bu gün də tərəflər üçtərəfli işçi qrupunun fəaliyyətinin bərpa olunmasına ehtiyac hiss edərlərsə Azərbaycan yəqin ki, imtina eləməyəcək. Ancaq məsələ burasındadır ki, indiyə qədər Ermənistanın mövqeyi mümkün qədər bütün proseslərdən, formatlardan Rusiyanı vurub çıxarmaq olub. İndi işçi qrupunun fəaliyyətinin bərpa olunması Rusiyanın istəyidir. Amma Ermənistanın mövqeyi üzündən bu istəyin ən azı yaxın vaxtlarda reallaşdırılması imkanları məhdud görünür. Ermənistan üçtərəfli işçi qrupu formatının bərpa olunmasında maraqlı görünmür”.

