ABŞ Prezidenti Donald Tramp Yaxın Şərq ölkələri ilə apardığı danışıqlardan sonra Hörmüz boğazından keçən gəmilərə 20 faizlik rüsumun tətbiqi təşəbbüsündən imtina edib.
Bu barədə o, “Truth Social” platformasında paylaşım edib.
“ABŞ-nin 20 faizlik kompensasiya rüsumunu Fars körfəzi ölkələrinin Birləşmiş Ştatlarla bağlayacağı ticarət və investisiya sazişləri ilə əvəz etmək qərarına gəldim. Bu investisiyalar həm böyük olacaq, həm də onların gələcəyi üçün son dərəcə sərfəli olacaq”, – deyə Tramp bildirib.
ABŞ prezidenti qeyd edib ki, İran istisna olmaqla, Hörmüz boğazı bütün gəmilər üçün açıqdır. O, İranın hazırkı rəhbərliyini “yalançı, qəddar və qərəzli” adlandıraraq, onların ölkəni məhvə apardığını vurğulayıb.
Xatırladaq ki, ötən gün Donald Tramp Birləşmiş Ştatların Hörmüz boğazında gəmiçiliyin zəmanətçisi rolunu oynayacağını və təhlükəsizliyin təmin edilməsi xərclərini qarşılamaq üçün boğazdan keçən yüklərin dəyərinin 20 faizi həcmində rüsum tutulacağını bəyan etmişdi./Oxu.az

