Zaur Mikayılov iki potensial düşməninə yüksək vəzifə verdibackend

Zaur Mikayılov iki potensial düşməninə yüksək vəzifə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Dövlət Su Ehtiyatları agentliyinin rəhbəri Zaur Mikayılovun qudası Fuad Quliyevi qurumun Aparat rəhbəri təyin etməsi xəbərini cəmiyyətin həzmetmə prosesində olduğu bir vaxtda digər qudası Əsəd Şirinovu da özünə müşavir təyin etdiyi məlumatı yayıldı.

İşin ən gözəl, ən ideal tərəfi odur ki, Fuad Quliyev də əvvəl sədrin müşaviri olub. Yəni çox-çox hörmətli Zaur Mikayılov Aparat rəhbəri təyin etdiyi qudasının boşalan yerinə digər qudasını gətirib.

Media bunun hüquqi baxımdan nə dərəcədə doğru olub-olmamasını araşdırır. Hüquqşünaslar bildirir ki, “Korrupsiya ilə mübarizə haqqında” Qanunda qohumların birgə işlədiyini qadağan edən bənd və siyahı var. O siyahıda birgə işləməsi qadağan olan qohumlar ata, ana, bacı, qardaş və digərləridir. “Və digərləri”nə quda girmir və yaxud quda yaxın qohum kimi qanuna daxil edilməyib.

Qudanın “yaxın qohum” siyahısına daxil edilməməsi qayət normaldır; qanunu yazanlar uşaq-zad deyil, dünyagörmüş kişilərdir, onlar məgər bilmirlər ki, quda yaxın qohumdur, ya yox?

Əslində quda – potensial düşməndir! Yəni bu gün qız verib, yaxud qız alıb qardaşa çevrildiyin, “canım qudam” deyib, şərəfinə toylarda “Qudam, ay qudam” mahnısına qol qaldırıb, rəqs etdiyin şəxsin sabah – Allah eləməmiş – sənin bir nömrəli düşmənin olması ehtimalı çox yüksəkdir: ya qızını boşayarsan, yaxud qızını boşayarlar, qudanla olarsan qanlı-bıçaq. Bu ehtimal neçə faizdir?

2024-cü ilin statistikasına görə, Azərbaycanda boşanmaların göstəricisi ailə quranlara nisbətdə 52 faizə yaxınlaşıb. Yəni qudanın düşmən olması ehtimalı ən azı “50+1”-dir.

Həzərat, “50+1” bilirsiniz nə deməkdir? Bu faizlə adam deputat, baş nazir, hətta prezident seçilə bilir. Odey, Paşinyanı impiçment etmək üçün “50+1” də yox, “50+00001” səs gərəkdir, keşiş bu göstəricini almaq üçün bütün kilsəni, Qaregini və boqu satmağa hazırdır – çifayda, əldə edə bilmir.

Yəni mövcud statistika ilə qudaların düşmən olması ehtimalı ömürləri boyu qudalaşma kimi davam edə biləcəkləri ehtimalından xeyli çoxdur.

Bu baxımdan Zaur Mikayılov qohumlarına yox, potensial düşmənlərinə vəzifə verir, daha doğrusu, onları gözünün qabağında oturdur. Atalar misalı var, deyir, düşmənini gözünün qabağında saxla.

Zaur Mikayılov da xeyli əlləşəndən sonra bir potensial düşmənini Aparat rəhbəri təyin edən kimi dərhal ikinci potensial düşmənini də gözünün qabağında oturdub.

Bu, ailədaxili məsələdir, xahiş edirəm, qarışmayın, qoyun kişi qudalarını başına yığıb, işləsin, əsəbiləşəndə xalqın suyundan doyunca içib, sakitləşsinlər.

Baxma da, qudalar bəlkə oddur – onların yanğısını ancaq xalqın suyu ilə söndürmək olar…