Zəngəzur dəhlizi ilə bağlı İLGİNC gəlişmə – Deputat DETALLARI açıqladıbackend

Zəngəzur dəhlizi ilə bağlı İLGİNC gəlişmə – Deputat DETALLARI açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın son dövrdə Zəngəzur dəhlizi ətrafında sərgilədiyi mövqe göstərir ki, Tehran hələ də Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqları tamamilə əsassız və qərəzli olaraq, absurd iddialarla öz milli təhlükəsizlik maraqları prizmasından qiymətləndirir. Bunu Musavat.com-a deputat Elçin Mirzəbəyli söyləyib.

Elçin Mirzəbəyli YAP-a üzv olub?

Milli Məclisin üzvü İranın Zəngəzur dəhlizi ilə bağlı davam edən “narahatlığı”nı, ayrı-ayrı rəsmilərin gah Ermənistana, gah da Azərbaycana yönəlik “iynəli” açıqlamalarını, həmçinin təhdidlərini şərh edərkən bir sıra məqamlara diqqət çəkib. ABŞ və Ermənistan arasında Zəngəzur dəhlizi – Tramp marşrutu ilə bağlı əldə olunan razılaşmaların, həmçinin dövlət katibi Rubionun səfərindən sonra tikinti işlərinin anonsunun verilməsinə cavab olaraq Ermənistana qarşı təhdidlərin səslənməsinə E.Mirzəbəylinin reaksiyası belə olub:

“Xüsusilə də ABŞ ilə müqavilə imzalayan bir ölkənin dəhlizin çəkilməsində və idarə edilməsində ABŞ şirkətlərinin mümkün iştirakını narahatlıq kimi təqdim etməsi bir qədər qeyri-ciddi görünür. Müəyyən bir zamandan sonra Tehranın Vaşinqtonla çoxsaylı istiqamətlərdə, o cümlədən enerji bazarı və Hörmüz boğazı ilə bağlı işbirliyində olduğunu tam sübut edən faktlar gündəmə gələndə də İran yenə TRİPP “təhlükəsindən” danışacaq. Öz gözlərində tiri görməmək İranın köhnə adətidir. “O olmasın, bu olsun”un məşhur personaının təbirincə desək, bir növ adətkarda olublar. Əvvəla nəzərə almaq lazımdır ki, emosional bəyanatlar və siyasi ritorika ilə real imkanlar arasında hər zaman olduğu kimi, ciddi fərq mövcuddur. Əslində İranın əsas narahatlığı nə Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında əlaqənin yaradılması, nə də Ermənistanın tranzit ölkəyə çevrilməsidir. Tehranın “qarın ağrısı” regionda yeni güc balansının formalaşması və bu prosesdə tamamilə təbii olaraq, regional inteqrasi prosesindən kənarda qalmağa, bütün faydalı təşəbbüsləri baltalamağa çalışan İranın öz təsir imkanlarının azalmasıdır”.

Yeri gəlmişkən, bu mərhələdə İranın Ermənistana Zəngəzur dəhlizi – Tramp marşrutu ilə bağlı təhdidləri açıq-aydın müşahidə olunmaqdadır. Hesab olunur ki, müharibədən “sağ” çıxan və hətta özünü qalib hesab edən, üstəlik, Trampın üzr istəməsini tələb edən rəsmi Tehran ABŞ şirkətinin bölgədə, Ağ Ev sahibinin adı ilə bağlı olan dəhlizdə işləməsinə əngəl törədə bilər. İran bu qədər məsafə qət edilmiş layihəni dayandırmaq gücündədirmi? Bu yerdə xatırlatmaq yerinə düşər ki, ortada Araz dəhlizi də var və Ağbənd-Kəlalə körpüsü açılışını gözləyir…

İran Zəngəzur dəhlizini İrəvandan hədələdi – Bakıdan REAKSİYA | Ekologiya.az

E.Mirzəbəylinin sözlərinə görə, Tehranda hələ də hesab edirlər ki, Ermənistan İran üçün Cənubi Qafqazda mühüm geosiyasi çıxış nöqtəsidir: “Digər tərəfdən İran mühafizəkar elitası Ermənistan vasitəsilə Azərbaycanla Türkiyənin tam quru bağlantısının yaranmasını öz maraqlarına uyğun hesab etmir. Həmçinin, İran rəhbərliyi hesab edir ki, Zəngəzur istiqamətində formalaşacaq yeni logistika xətti uzunmüddətli perspektivdə İran üzərindən keçən bəzi tranzit imkanlarının əhəmiyyətini azalda bilər. “İran layihəni dayandıra bilərmi?” sualının cavabı isə qısa şəkildə və böyük hərflərlə XEYİRdir. İran regional proseslərə müəyyən təsir göstərə, müəyyən siyasi təzyiq alətlərindən istifadə edə bilər, lakin artıq bir neçə dövlətin maraqlarının kəsişdiyi, beynəlxalq iqtisadi məntiqə söykənən layihəni dayandırmaq imkanına malik deyil”.

Deputat əlavə edib ki, bunun bir neçə səbəbi var: “Əvvəla, nəqliyyat-kommunikasiya layihələri artıq yalnız Azərbaycan və Ermənistan arasında müzakirə olunan məsələ deyil. Burada Türkiyə, ABŞ, Avropa, Çin, Mərkəzi Asiya ölkələri və qlobal logistika şirkətlərinin maraqları var. Eyni zamanda, Ermənistanın özü iqtisadi baxımdan uzunmüddətli blokada vəziyyətində qalmaq imkanına malik deyil. İrəvan üçün yeni nəqliyyat marşrutları həm siyasi, həm də iqtisadi baxımdan həyati əhəmiyyət daşıyır. Həmçinin, İranın son regional hadisələrdən sonra əvvəlki illərlə müqayisədə daha ehtiyatlı davranmağa məcbur olduğu görünür. Tehran Yaxın Şərqdə və öz sərhədləri boyunca kifayət qədər mürəkkəb problemlərlə üzləşdiyindən Cənubi Qafqazda yeni qarşıdurma xətti açmaq potensialında deyil. Məsələnin ən mühüm tərəflərindən biri də Araz marşrutunun mövcudluğudur. Azərbaycan və İran arasında inşa olunan Ağbənd-Kəlalə avtomobil və dəmir yolu körpüləri regionun nəqliyyat xəritəsini dəyişdirə biləcək layihələr sırasındadır. Bu marşrut Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin İran ərazisindən keçməklə təmin olunmasına imkan verir.

Başqa sözlə, əgər Ermənistan istiqamətində hər hansı səbəbdən ləngimə yaranarsa, alternativ mexanizm artıq formalaşdırılıb. Bu amil İranın mövqeyində müəyyən paradoks yaradır. Bir tərəfdən Tehran Zəngəzur marşrutuna etiraz edir, digər tərəfdən isə Azərbaycanla birlikdə həyata keçirilən Araz dəhlizi layihəsində iştirak edir. Bu isə göstərir ki, İranın əsas narahatlığı kommunikasiyaların açılması deyil, həmin kommunikasiyalar üzərində nəzarət və geosiyasi təsir məsələsidir. Tarixi təcrübə isə göstərir ki, beynəlxalq iqtisadi layihələr böyük güclərin maraqları ilə üst-üstə düşdükdə, ayrı-ayrı regional oyunçuların onları tam bloklamaq imkanları məhdudlaşır. Bu baxımdan İranın daha çox siyasi bəyanatlar, diplomatik təzyiqlər və informasiya təsiri vasitələrindən istifadə etməsi ehtimalı yüksəkdir. Birbaşa qarşıdurma və ya layihənin qarşısının alınması üçün hansısa təxribat ssenarilərinin işə salınması həm regional, həm də beynəlxalq nəticələrinə görə Tehran üçün olduqca riskli ola bilər”.

E.Mirzəbəyli bildirib ki, hazırki mərhələdə İranın Zəngəzur dəhlizi və ya “Tramp marşrutu” ilə bağlı sərt bəyanatları daha çox geosiyasi mesaj xarakteri daşıyır: “Tehran regionda təsir imkanlarının zəifləməsindən narahatdır və proseslərdə söz sahibi olduğunu nümayiş etdirməyə çalışır. Lakin reallıq ondan ibarətdir ki, nəqliyyat-kommunikasiya layihələrinin açılması artıq regional zərurətə çevrilib. Üstəlik, Araz dəhlizi istiqamətində görülən işlər, Ağbənd-Kəlalə körpüsünün istismara hazırlanması və alternativ marşrutların formalaşması göstərir ki, kommunikasiyaların açılması prosesi bir marşrutdan asılı deyil. Buna görə də İran müəyyən ritorik təzyiq göstərə bilər. Ancaq artıq xeyli məsafə qət etmiş, bir neçə dövlətin strateji maraqları ilə bağlı olan nəqliyyat layihələrini tam dayandırmaq üçün Tehran nə kifayət qədər siyasi resurslara, nə də əlverişli geosiyasi şəraitə malikdir. Əsas sual layihənin həyata keçib-keçməməsi deyil, onun hansı formatda, hansı təhlükəsizlik mexanizmləri və hansı beynəlxalq iştirakçılarla reallaşacağıdır”.

Musavat.com