Azərbaycanda hüquq-mühafizə orqanlarının son iki gün ərzində keçirdiyi əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitələr, qanunsuz silah-sursat aşkar edilib, axtarışda olan onlarla şəxs saxlanılıb.
Musavat.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, iyunun 13-14-də ölkə ərazisində qeydə alınan 78 cinayətin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması təmin olunub.
Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində axtarışda olan ümumilikdə 83 nəfər saxlanılıb. Onlardan 54-ü borclu şəxs qismində axtarışda olub. Eyni zamanda cinayət törətməkdə şübhəli bilinən 69 nəfər də saxlanılaraq istintaqa təhvil verilib.
Nazirliyin məlumatına görə, son iki gündə narkotiklərlə əlaqəli 26 fakt, qanunsuz silah-sursatın aşkar olunması ilə bağlı isə 12 fakt qeydə alınıb.
Əməliyyat tədbirləri zamanı ümumi çəkisi 32,7 kiloqrama yaxın narkotik vasitə, həmçinin 1807 ədəd güclü təsiredici xassəyə malik həb qanunsuz dövriyyədən çıxarılıb.
Bununla yanaşı, kultivasiya yolu ilə yetişdirilmiş 53 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Yabanı halda bitmiş ümumi çəkisi 670 kiloqram olan 12 min 880 ədəd çətənə kolu isə məhv edilib.
Silah-sursatla bağlı keçirilən tədbirlər zamanı paytaxt və respublikanın müxtəlif bölgələrində 3 avtomat silahı, 10 tüfəng, 11 patron darağı və 362 ədəd müxtəlif çaplı patron aşkarlanaraq götürülüb.
Polis əməkdaşları həmçinin ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarılan 8 nəfərin yerini müəyyən edərək onları aidiyyəti üzrə təhvil veriblər.
Sumqayıt şəhərində qeydə alınan oğurluq hadisəsinin də üstü açılıb. Zərərçəkmiş polisə müraciət edərək evindən ümumi dəyəri 4 min manat olan qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Araşdırmalar nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 31 yaşlı R.Quliyeva saxlanılıb. Məlum olub ki, o, bundan əvvəl də bir nəfərə məxsus planşeti oğurlayıb.
Nəsimi rayonunda isə avtomobildən ümumi dəyəri 2500 manat olan iki mobil telefonun oğurlanması faktı qeydə alınıb.
Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 35 yaşlı B.İsmayılov müəyyən edilərək saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Nərimanovda narkokuryer tutuldu: 9 kiloqramdan çox narkotik götürüldü
Paytaxtın Nərimanov rayonunda keçirilən xüsusi əməliyyat zamanı isə iri həcmdə narkotik vasitələr dövriyyədən çıxarılıb.
Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş 42 yaşlı Samir Mirzəyev saxlanılıb.
Onun istifadə etdiyi avtomobildən 5 kiloqram marixuana, 4 kiloqramdan artıq tiryək, heroin və həşiş, həmçinin 1112 ədəd metadon həbi aşkarlanaraq götürülüb.
İstintaq zamanı Samir Mirzəyev narkotik vasitələri paytaxt ərazisində müxtəlif ünvanlara çatdıraraq satışını təşkil etməyi planlaşdırdığını etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Daxili İşlər Nazirliyi bildirir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi və qanunsuz silah saxlanılması hallarına qarşı əməliyyat-profilaktik tədbirlər davam etdirilir.


