Ukrayna Avropa İttifaqının ayırdığı 90 milyard avroluq kreditin bir hissəsini raket əleyhinə müdafiə sistemlərinin alınmasına yönəltməyi planlaşdırır.
Editor.az xəbər verir ki, Euronews-un məlumatına görə, Kiyev növbəti müdafiə maliyyələşdirmə paketindən, xüsusilə ballistik raketlərin qarşısını almaq imkanına malik sistemlərin alınması üçün istifadə etməyi təklif edib.
Hazırda danışıqlar davam edir və alınacaq silahların yekun siyahısı hələ müəyyənləşdirilməyib.
Müzakirə olunan əsas variantlar arasında ABŞ istehsalı Patriot və Fransa-İtaliya birgə istehsalı olan SAMP/T NG hava hücumundan müdafiə sistemləri yer alır.
Ukraynanın yeni sifarişinin sentyabra qədər formalaşdırılması gözlənilir. Hava hücumundan müdafiə sistemləri ilə yanaşı, Kiyev raketlər və pilotsuz uçuş aparatları da tələb edə bilər.
Aİ-nin 90 milyard avroluq kreditinin təxminən 60 milyard avrosunun Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsinə, 30 milyard avronun isə dövlət büdcəsinin dəstəklənməsinə yönəldilməsi nəzərdə tutulur.
Bununla belə, Patriot sistemlərinin alınması Aİ daxilində müzakirələrə səbəb ola bilər. Bir sıra ölkələr Avropa vəsaitlərinin əsasən Avropa istehsalı silahlara yönəldilməsini istəyir. Digər dövlətlər isə Ukraynanın təcili hərbi ehtiyaclarının əsas prioritet olmalı olduğunu bildirirlər.
Beləliklə, Kiyevin qarşısında əsas seçim Amerikanın Patriot sistemləri ilə Avropanın SAMP/T NG kompleksləri arasında olacaq. Son qərarın isə danışıqların nəticəsindən asılı olacağı bildirilir.
//Samir Qurbanov, Editor.az

