Almaniyada rusiyalı casuslarla əlaqələndirilən silah anbarı aşkarlanıbbackend

Almaniyada rusiyalı casuslarla əlaqələndirilən silah anbarı aşkarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın təhlükəsizlik qüvvələri Berlin yaxınlığındakı meşəlik ərazidə iki tapançanın gizlədildiyi silah anbarı aşkarlayıb.

Alman mediasının məlumatına görə, silahların Rusiya kəşfiyyatının göstərişi ilə mümkün diversiya və sui-qəsdlər üçün nəzərdə tutulduğu ehtimal edilir.

Məlumata görə, gizli anbar ötən ilin payızında xüsusi xidmət orqanlarına daxil olan məlumat əsasında Brandenburg ərazisində aşkarlanıb. Hüquq-mühafizə orqanları silahları müəyyən müddət ərzində yerində saxlayaraq ərazini müşahidə altında tutub. Lakin silahları götürməyə gələn heç kim qeydə alınmayıb.

Almaniyanın daxili təhlükəsizlik qurumları silahların Rusiya xüsusi xidmətlərinin sifarişi ilə hazırlanmış mümkün əməliyyatlar üçün gizlədildiyini ehtimal edir. Bildirilir ki, potensial hədəflər arasında müdafiə sənayesi nümayəndələri, Ukraynaya dəstək verən şəxslər və Rusiyadan mühacirətdə olan müxalifətçilər ola bilər.

İş üzrə Rumıniyada bir şübhəlinin saxlanıldığı bildirilir. Almaniyanın Federal Baş Prokurorluğu hadisəni dövlət üçün ciddi təhlükə yaradan zorakı cinayətin hazırlanması və mümkün kəşfiyyat fəaliyyəti ilə bağlı araşdırır.

Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt ölkədə təhlükə səviyyəsinin yüksək olduğunu bildirib və hadisədə xarici qüvvələrin iştirakının istisna edilmədiyini deyib. Rusiya səfirliyi isə məsələ ilə bağlı hələlik açıqlama verməyib.

//Samir Qurbanov, Editor.az