Almaniya Rusiyaya münasibətdə uzun illər davam edən siyasətinin səhvlərini düzəltməyə başlayıb, lakin Çinlə bağlı yanaşmasında oxşar yanlışlığı təkrarlayır.
Editor.az xəbər verir ki, bu barədə “Frankfurter Allgemeine Zeitung” yazıb.
Nəşrin qiymətləndirməsinə görə, Berlin 2022-ci ildən sonra Rusiyanın qarşısının alınması və Avropanın təhlükəsizliyinin gücləndirilməsi istiqamətində siyasətini əhəmiyyətli dərəcədə dəyişib. Lakin bu dəyişiklik əsasən Avropa təhlükəsizliyi ilə məhdudlaşıb.
Məqalədə bildirilir ki, Almaniya Çinə münasibətdə isə hələ də xarici ticarət və iqtisadi maraqları əsas götürür. Kansler Fridrix Mertsin Pekinə səfəri zamanı danışıqların əsasən iqtisadi məsələlər üzərində cəmlənməsi də buna nümunə kimi göstərilir.
Nəşr hesab edir ki, Berlinin Çinə yalnız iqtisadi rəqib kimi yanaşması ciddi strateji səhvdir. Çünki Pekin Rusiyanın Ukraynaya qarşı müharibəsində Moskvanın əsas tərəfdaşlarından biri olaraq qalır. Çinin Rusiyadan enerji alması, ikili təyinatlı məhsulların tədarükü və digər əməkdaşlıq formaları Qərbin sanksiyalarının təsirini azaltmağa kömək edir.
Məqalədə vurğulanır ki, Çinlə münasibətlər yalnız ticarət və iqtisadi rəqabət çərçivəsində qiymətləndirilməməlidir. Pekinin artan siyasi, iqtisadi və hərbi gücü Avropa üçün daha geniş geosiyasi çağırış yaradır.
Nəşrin fikrincə, Berlin və Brüssel Çin siyasətində iqtisadi maraqlarla yanaşı, Pekinin Rusiyaya dəstəyini və onun dünya nizamına təsir etmək cəhdlərini də nəzərə almalıdır.
//Samir Qurbanov, Editor.az

